Bakıda ən bahalı avtomobil hansıdır?

Bakıda ən bahalı avtomobil hansıdır?

Dünyada az sayda istehsal olunan ən bahalı avtomobillərdən bir ədədi Bakıda var.

BakuCity.az xəbər verir ki, bunu avtomobil eksperti Elməddin Muradlı Lent.az-a deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda ən bahalı maşın “Rolls-Royce Phantom”dur:

“Onun dünyada bir neçə modeli istehsal olunub ki, onlardan biri də Azərbaycandadır. Qiyməti təxminən 2 milyon manatdır. “Ferrari”, “Lamborghini” kimi dünya brendi olan çox bahalı maşınlar da Bakıda var. Bunlar kifayət qədər baha qiymətə satılır, amma alıcı kütləsi də var. Şəhərdə onları sürənləri də görürük, satışda olduğunu da bilirik. Bu yaxınlarda “Range Rover”in təzə modeli, “Mercedes”in GLS modeli də ölkəyə gətirilib. Bunlar da çox bahalı avtomobillərdir. 200 min manat civarında qiymətləndirilir.

Bunlardan əlavə, “Jeep”, “Dodge”, “Lexus”, “Toyota Prado”nun son modelləri kifayət qədər bahadır. Ən çox “Lexus”, “Toyota Prado” modelləri alınır. Alıcılar bu avtomobilləri dillerlərdən aldıqları kimi, əksər hallarda özləri də idxal edirlər. Artıq Azərbaycanda get-gedə avtomobil bazarı dirçəlir. Yeni avtomobillərin gətirilməsi istiqamətində atılan addımların şahidi oluruq”.

Ekspert gömrük qiymətlərinin aşağı salınması nəticəsində ölkəyə bahalı və yeni avtomobillərin gətirilməsinin sürətlənəcəyini deyib:

“Düşünürəm ki, gömrük qiymətlərinə baxılsa, rüsumlar 2017-ci ildəki ilə eyniləşsə, yeni avtomobillərin gətirilməsi prosesi də sürətlənəcək. Yeni avtomobillərin gətirilməsi o deməkdir ki, təhlükəsizlik artır. Ancaq hazırkı dövrdə gömrük rüsumları, aksiz və əlavə dəyər vergisi çox olduğundan prosesin zəif tempdə getdiyini görürük. Dillerlər də bu baxımdan əziyyət çəkirlər, alıcı cəlb etmək olmur deyə, çox maşın gətirə bilmirlər. Alıcılar, əsasən, ikinci əl avtomobilə üstünlük verirlər. Ona görə düşünürəm ki, rüsumlara bir daha baxmaq lazımdır”.

Qeyd edək ki, Bakıda ən bahalı maşınları, əsasən, gecə saatlarında şəhərin mərkəzində görmək olur. Bu maşınların sayı heç də az deyil. Hələ sürülən maşınlardan əlavə, salonlarda satışda olan maşınlar da Bakının bahalı maşınları siyahısına daxildir.

BakuCity.az

Bakı bahalı avtomobillər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər