Bakıda sosial mənzil almaq üçün güzəştlərin artırılması təklif edilir

Bakıda sosial mənzil almaq üçün güzəştlərin artırılması təklif edilir

Bakıda sosial mənzil almaq üçün güzəştli kateqoriyaya daxil olan qrupların siyahısına yenidən baxmaq lazımdır.

BakuCity.az xəbər verir ki, bu təkliflə iqtisadçı ekspert Vüqar Bayramov çıxış edib.

O bildirib ki, bu güzəştli siyahı müəyyənləşdirilən zaman çatışmazlıqlara yol verilib:

“Məsələn, qaydalara əsasən ən azı üç il dövlət qulluğunda, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs sosial mənzilə görə müraciət edə bilər. Dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs yalnız beş ildən sonra bu hüququ əldə edir. Bu o deməkdir ki, qüvvədə olan qaydalara görə, məmur üç, müəllim isə beş ildən sonra güzəştli mənzil və ya ipoteka əldə etmək hüququ qazanır. Maraqlıdır: hansı meyarlarla məmurlar üçün üç il, müəllimlər üçün isə daha uzun müddət müəyyənləşib? Məgər cəmiyyət üçün müəllim məmurdan az faydalıdır?”

Ekspert təklif edir ki, müəllimlər üçün güzəşt hüququ bir ilə endirilsin və onlara daha qısa zamanda güzəştli mənzil əldə etmək hüququ verilsin:

“İkincisi, 15 il məmur işləyən vətəndaşlarımıza gənc ailə olmasa da, güzəşt əldə etmək hüququ verilir. Amma müəllimlər üçün belə hüquq yoxdur. Bu o deməkdir ki, əgər müəllim ailəsində ailə başçılarının birinin yaşı 35-dən çoxdursa, o, sosial mənzilə və güzəştli ipotekaya müraciət hüququna malik olmur. Buna görə də 15 ildən çox müəllim işləmiş vətəndaşlarımıza da gənc ailə olmasa da, belə hüququn verilməsi sosial ədalət baxımdan çox vacibdir”.

Həmçinin oxu: Bakıda mənzil almaq istəyənlərə təkliflər - QİYMƏT + SİYAHI

O hesab edir ki, məcburi köçkünlər, şəhid ailələri və milli qəhrəman ailələrinin ev problemlərinin dövlət pulsuz mənzil təminatı çərçivəsində həll olunması daha yaxşı olardı:

“Bu kateqoriya vətəndaşlarımızın sosal vəziyyətini nəzərə aldıqda onların pulsuz mənzillə təminatı davam etdirilməlidir. İndiyədək məcbur köçkünlərə 34 591 mənzil verilib və onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün 7.1 milyard manat vəsait ayrıldığını nəzərə alsaq, dövlət vəsaiti hesabına pulsuz mənzillərin təqdim edilməsinin davamlılığına nail olmaq mümkündür”.

V.Bayramov vurğulayıb ki, güzəştli kateqoriyanın genişləndirilməsinə və ödəmə qabiliyyəti olan hər bir gənc ailəyə belə hüququn verilməsinə ehtiyac var:

“Gələn il Mənzil İnşaat Dövlət Agentliyi Hövsanda üç min mənzili satışa çıxarmaq niyyətindədir. Gəncə, Sumqayıt və digər bölgələrimizdə də sosial binalar inşa edilməkdədir və ya ediləcək. Belə olan halda müraciət hüququ verən siyahıya baxıb onun genişləndirilməsinə ehtiyac var.

Digər tərəfdən, bu gün qeydiyyatsız evlərdə yaşayanlar həyət evlərini inşa etmək üçün evin ölçüsündən asılı olaraq 40-80 min manat pul xərcləyirlər. Amma hələ də evləri qeydiyyata alınmayıb və mülkiyyət hüquqları tanınmır. Əgər 40-50 min manatlıq üçotaqlı ekonom evlər təklif olunardısa, onlar qeydiyyatsız evlər inşa edərdilərmi? Əksəriyyəti bu halda qeydiyyatlı və təmirli mənzillərə üstünlük verərdi. Bu baxımdan, sosial evlər məhz həmin ailələrin də mənzil probleminin aradan qaldırılmasına ünvanlanmalıdır”.

BakuCity.az

Bakı sosial mənzil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər