Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Forum altı paneldən ibarət olacaq

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Mərkəzi Bankının və digər dövlət qurumlarının dəstəyi noyabrın 6-7-də Bakıda ənənəvi “IV Beynəlxalq Bankçılıq Forumu – Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru” adlı tədbir keçiriləcək.

Assosiasiyadan BakuCity.az-a verilən məlumata görə, 29 oktyabr – 8 noyabr tarixlərini əhatə edən “Nağdsız cəmiyyət günləri” çərçivəsində keçiriləcək forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahəsindəki yeniliklər və risklərin, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Forum altı paneldən ibarət olmaqla, “Nağdsız iqtisadiyyat: nailiyyətlər və çağırışlar”, “Bankçılıq – rəqəmsallaşmaya doğru”, “Bankçılığın transformasiyasının müxtəlif tərəfləri”, “Yeni ödəniş dünyası”, “Komplayns və tənzimləmə riskləri”, “Nağdsız və rəqəmsal iqtisadiyyatın tənzimlənməsi” mövzularını əhatə edəcək.

Forumda dövlət qurumlarının, kommersiya banklarının yuxarı menecmentinin, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərinin, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin, həmçinin ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilat və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edəcəklər.

BakuCity.az

Bakı forum bankçılıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər