Bakı sahilində SOCAR-ın qayığı partlayıb: ölən və yaralılar var

Bakı sahilində SOCAR-ın qayığı partlayıb: ölən və yaralılar var

Yaralılar 5 saylı Şəhər Xəstəxanasına çatdırılıb

Bu gün saat 13:30 radələrində Bakının Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) BakuCity.az-a verilən məlumata əsasən, nəticədə şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub.

Hadisə yerində olan şirkətin əməkdaşları - Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşını ilə 5 saylı Şəhər Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, partlayıcı maddələr dəniz seysmik kəşfiyyat işlərində geniş istifadə olunur və daşınma müddətində tam təhlükəsiz vəziyyətə gətirilir. Gürgan istiqamətində seysmik kəşfiyyat işləri yeni qazılacaq quyuların yerinin dəqiqləşdirilməsi üçün aparılmalı idi.

Hadisənin başvermə səbəblərini müəyyən etmək üçün müvafiq komissiya yaradılıb. Hazırda hadisə yerində araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

BakuCity.az

Bakı qayıq SOCAR partlayış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər