Yolun uzunluğu 8.6 km-dir
Bakının Səbail rayonu Gülbala Əliyev küçəsində yol infrastrukturunun yenidən qurulması və yenilənməsi istiqamətində aparılan tədbirlər yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, uzunluğu 8.6 km olan G.Əliyev küçəsi bu ərazidə yaşayan əhalinin əsas istifadə etdiyi yollardan biridir. Küçə uzun illərdir ki, istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmiri həyata keçirilməmişdi. Çünki yolun torpaq yatağı və yol əsası istismar müddətini keçib, üstəlik, yeraltı kommunikasiya xətlərinin olmaması və ya sıradan çıxması yol əsasını yararsız vəziyyətə salıb. Bu səbəbdən təmir-tikinti işləri əhalinin ürəyincə olub.
Layihəyə uyğun olaraq, küçənin mövcud örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hisələr qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yataqları avtoqreyderlə profilə salınıb, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasın tikintisi işləri görülüb. Bu işlər ümumilikdə 50 min kv.m-dən çox sahəni əhatə edib.
Yol örtüyünün alt və üst layı iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib.