Gözlənilən möhtəşəm konsert tamaşaçıları heyran etdi
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının “İli qəlbin nəğməsi” adlı möhtəşəm solo konserti oktyabrın 30-u saat 19:00-da Heydər Əliyev Sarayında uğurla gerçəkləşib.
BakuCity.az xəbər verir ki, Xalq artistlərini İlqar və Vüqar Yusifzadə qardaşlarının rəhbərliyi altında “Qız Qalası” ansamblı müşaiyət edib.
Üç saata yaxın davam edən konsertdə Məmmədova bacıları bəstəkar və xalq mahnıları ilə yanaşı, türk, ingilis, fars və osetin dillərində mahnılar ifa ediblər.
Səhnəyə Hüseyn Cavidin “Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?” şeiri ilə daxil olan xanəndə Sərxan Bünyadzadənin Gülyaz Məmmədova ilə birlikdə ifa etdiyi eyniadlı duet tamaşaçıların alqışları ilə qarşılanıb.
Eyni zamanda, Gülyanaq Məmmədova ilə Ramazan Şərifzadənin üç dueti səsləndirilib.
Konsertin sonuna yaxın isə Nurəddin Mehdixanlı “İlk məhəbbət” adlı şeirlə çıxış edib. Şeirə xüsusi ahəng qatan Gülyanaq Məmmədovanın ifasını tamaşaçılar ayaq üstə alqışlayıblar.
Xalq artistləri gecənin bütün musiqi tərtibatına görə “Qız Qalası” ansamblına xüsusi təşəkkürlərini bildiriblər.
Tədbirin aparıcısı tanınmış teleaparıcı Saleh Bağırov olub.