Bakıda sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət sərgi açılacaq

Bakıda sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət sərgi açılacaq

Sərgi martın 29-dək davam edəcək

Noyabrın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət “Avanqard davamçısı. Azərbaycan gündəliyi” adlı sərgi açılacaq.

Mərkəzdən BakuCity.az-a verilən məlumata görə, Bakıda ilk dəfə keçiriləcək sərgi Moskvadakı Lümyer qardaşları adına Fotoqrafiya Mərkəzi ilə birgə təşkil olunur. 

Ekspozisiyada müəllifin 1930-1960-cı illərdə çəkdiyi 100-dən çox fotodan ibarət kolleksiyası təqdim ediləcək.

Sərgidə Y.Xalipin sovet fotoqrafiya sənətinin klassikası sayılan işlərı ilə yanaşı, müəllifin Azərbaycanda çəkdiyi fotoları da ilk dəfə nümayiş olunacaq.

Ekspozisiyada Y.Xalipin sovet fotoqrafiyasının “qızıl fond”una daxil olan işləri, həmkarı və müəllimi Aleksandr Rodçenko ilə birlikdə çəkdiyi fotolar, jurnallar üçün olan əsərləri və s. yer alacaq. Sərgidə Y.Xalipin qəhrəman papaninçilərin “Şimal Qütbü-1” Arktik stansiyasından xilas edilməsi üzrə ekspedisiyadan, şair Konstantin Simonovla birlikdə keçdiyi Böyük Vətən müharibəsi illərindən, Sovet İttifaqında və digər ölkələrdə müharibədən sonrakı dövrü əhatə edən fotoreportajları da nümayiş olunacaq.

Heydər Əliyev Mərkəzindəki sərgidə, həmçinin Y.Xalipin ailəsinə aid olan arxivdən eksponatlar yer alacaq. Eyni zamanda, fotoqrafa aid müxtəlif sənədlər, teleqramlar, 1930-cu illərə aid açıqcalar, Yakov Xalipin fotoşəkillərinin olduğu nadir kitablar, jurnallar, fotoqrafın yaratdığı tematik albomlar, üzərində çalışdığı kitablar və s. təqdim ediləcək.

Sərgi 2020-ci il martın 29-dək davam edəcək.

BakuCity.az

Bakı fotoqrafiya sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər