SOCAR-ın qayığındakı partlayışda yaralananlardan xəbər var

SOCAR-ın qayığındakı partlayışda yaralananlardan xəbər var

Partlayış nəticəsində bir nəfər ölüb

Bakının Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında baş vermiş partlayış nəticəsində yaralananlar bu gün evlərinə buraxılıblar.

Bu barədə BakuCity.az-a yaralıların müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və Xəlilov Böyükağa Məmmədağa oğlu bu gün evlərinə buraxılıblar. Onların vəziyyəti yaxşıdır.

Bundan əvvəl yaralıların 5 saylı Şəhər Xəstəxanasına çatdırıldığı deyilirdi.

Xatırladaq ki, oktyabrın 29-u saat 13:30 radələrində baş vermiş partlayış nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin (SOCAR) digər əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub.

Qeyd edək ki, partlayıcı maddələr dəniz seysmik kəşfiyyat işlərində geniş istifadə olunur və daşınma müddətində tam təhlükəsiz vəziyyətə gətirilir. Gürgan istiqamətində seysmik kəşfiyyat işləri yeni qazılacaq quyuların yerinin dəqiqləşdirilməsi üçün aparılmalı idi.

Ramilə Qardaşxanqızı

BakuCity.az

SOCAR qayıq partlayış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər