İlin sonunadək açılacağı gözlənilirdi
Bakıda yeni ticarət mərkəzinin açılışı üzrə hazırlıqlar tamamlanmaq üzrədir.
BakuCity.az FED.az-a istinadən xəbər verir ki, 2020-ci ilin fevralında Xəzərin sahilində hələlik ölkənin ən böyük ticarət mərkəzi sayılan “Dəniz Mall” işə düşəcək.
Sidney Operası üslubunda, 8 guşəli ulduz formasında inşa edilmiş ticarət mərkəzi 5 mərtəbəlidir. Sahəsi 120 min kv.m olan mərkəzdə əyləncə obyektləri, mağazalar, restoran və sinema olacaq.
Bir qədər əvvəl mərkəzin 2019-cu ilin sonuna açılacağı bildirilsə də, bu müddət bir neçə ay gecikib və mərkəzdən verilən məlumata görə, 2020-ci ildən ziyarətçiləri qəbul edəcəklər.
Qeyd edək ki, mərkəzin binası 2007-ci ildə tanınmış dizayner Çapmanom Teylor tərəfindən layihələndirilib. Hazırlıq işləri elə o vaxt başlasa da, sonradan işlər dayanıb və yalnız 2014-cı ildən bərpa edilib.