İlham Əliyev: Bakıda tarixi binaları söküb, yerində eybəcər binaların inşasına yol vermək olmaz

İlham Əliyev: Bakıda tarixi binaları söküb, yerində eybəcər binaların inşasına yol vermək olmaz

"Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır"

Bakıda tarixi binaları söküb, yerində eybəcər binaların inşasına yol vermək olmaz.

BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var:

“Bu, bizim böyük sərvətimizdir və hər bir tarixi binaya böyük diqqətlə yanaşılır. O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın. Bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər. Buna yol vermək olmaz. Bakının memarlığı bizim milli sərvətimizdir. İçərişəhər YUNESKO tərəfindən qorunur. Deyə bilərəm ki, dünyada o qədər də çox şəhərlər belə qədim İçərişəhər kimi şəhərlərlə öyünə bilməz, bu, bizim böyük sərvətimizdir. Eyni zamanda, şəhərin hər bir yeri abad olmalıdır”.

İlham Əliyev qeyd edib ki, bəzi yerlərdə, ümumiyyətlə, küçə işıqları yoxdur, qəsəbələrdə, bir çox yerlərdə torpaq yollar var:

“Mən artıq bu barədə Azəravtoyol Agentliyinə ciddi tapşırıq vermişəm, siz də nəzarət edin. Yəni, şəhərin hər bir yeri bizim üçün əzizdir. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq. Onlar da əlbəttə ki, özlərini Bakıda rahat hiss etməlidirlər. Ancaq biz, ilk növbədə, şəhər sakinlərinin problemlərini həll etməliyik”.

Prezident vurğulayıb ki, ilk növbədə, xoşagəlməz hallara son qoyulmalıdır:

“Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır. Əgər kim bu sahədə öz işinə düzəliş etməsə, biz o adamlarla vidalaşacağıq və bu, onlar üçün hələ ən yüngül cəza olacaqdır. Biz şəhərimizi inkişaf etdirməliyik. Bir daha demək istəyirəm ki, Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaqdır”.

BakuCity.az

Bakı İlham Əliyev Eldar Əzizov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər