"Cinayət etmişik, tutulmuşuq"
Bakıda münasibətdə olduğu qadınla birlikdə evlərdən oğurluq edən Amid Əliyev cinayət əməlini etiraf edib.
BakuCity.az xəbər verir ki, A.Əliyev cinayət etdiyini və cinayətkarın da tutulmalı olduğunu bildirib:
“Oğurluq etmişəm. Cinayət edən tutular da. Cinayət etmişik, tutulmuşuq. Televizor, ətçəkən... belə şeylər oğurlamışam”.
Lənkəranda meyxanaçı kimi tanınan A.Əliyev Yevlax rayon sakini Tehran Məmmədova ilə birgə Binə qəsəbəsində ümumilikdə 10-a yaxın fərdi yaşayış evindən oğurluq edib. Onların yaşadıqları evə baxış zamanı oğurladıqları məişət əşyalarının bir qismi aşkar edilərək maddi sübut kimi götürülüb.
Həmçinin oxu: Bakıda qadın kişi ilə əlbir olub evlərdən oğurluq etdi - FOTO
A.Əliyev və T.Məmmədova barəsində Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.