Tanınmış ifaçılar "Zabul Segah" muğamı ifa edəcəklər
Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir.
Bu barədə BakuCity.az-a mərkəzdən məlumat verilib.
Bildirilib ki, layihənin məqsədi əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmiş muğam sənətimizi gələcək nəsillərə təbliğ etməkdir.
Bu məqsədlə noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsi çərçivəsində Əməkdar artistlər, Beynəlxalq Muğam Mərkəzinin solistləri Ehtiram Hüseynov, Arzu Əliyeva və Bəyimxanım Nəbiyevanın ifasında "Zabul Segah" muğamı təqdim ediləcək.
İfaçıları tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edəcək.
BakuCity.az