“Medinex” sərgisi 3 zonadan ibarətdir
Bakıda “Medinex” - Tibb İnnovasiyaları Sərgi və Forumu keçirilir.
BakuCity.az xəbər verir ki, noyabrın 7-dək davam edəcək “Medinex” Qafqaz regionunda ən iri və Azərbaycanda yeganə tədbirdir.
Üç zonadan ibarət olan “Medinex” sərgisi Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir.
"Showcase" zonasında səhiyyə sahəsində qlobal inkişaf trendləri ilə tanış olmaq, məhsul və xidmətləri təqdim etmək, potensial tərəfdaşlarla tanış olmaq və mövcud əlaqələri möhkəmləndirmək mümkündür.
Digər zona – İnnovasiyalar zonası ziyarətçilərə tibb sahəsinin ən müasir layihələrini və nailiyyətlərini, inqilabi prototiplərini, gələcəyin texnologiya və avadanlıqlarını nümayiş etdirir.
Sərgini müşayiət edəcək əlavə tədbirlər, çoxsaylı biznes görüşlər, tibbdə futurologiya mövzusunda təqdimatlar, müxtəlif təqdimatlar, sessiyalar isə Prezentasiya zonasında yer alıb.
BakuCity.az sərgidə öz stendi ilə təmsil olunur.
Qeyd edək ki, tibb və səhiyyə innovasiyalarını əhatə edən “Medinex” sərgisində tibbdə informasiya texnologiyaları; tibbi texnika və avadanlıq; tibbi məhsullar; dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr; ortopediya, stomatologiya, stomatoloji avadanlıq və alətlər, stomatoloji xidmətlər; optika və oftalmologiya; pediatriya və ixtisaslaşmış pediatrik xidmətlər; innovativ laboratoriya avadanlıqları və texnologiyaları; farmasevtik avadanlıq; tibb müəssisələri və apteklər üçün avadanlıq; tibbi turizm; yaşlı nəsil üçün məhsullar; dietologiya; tibbi təhsil; BeFit – sağlam həyat tərzi kimi sektorlar təqdim olunur.