Bakı metrosunda fərqli stansiyalar tikilir

Bakı metrosunda fərqli stansiyalar tikilir

Stansiyaların sayı 75-ə çatacaq

Moskvada olduğu kimi, Bakıda da ikimərtəbəli metro stansiyası olacaq.

BakuCity.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov “Report”a deyib.

Ə.Osmanovun sözlərinə görə, gələcəkdə tikiləcək keçid stansiyaların hamısı ikimərtəbəli olacaq:

“Gələcəkdə bizim bir neçə keçid stansiyalarımız olacaq ki, onların hamısı 2-3 mərtəbəli olacaq. Artıq “Həzi Aslanov” stansiyasında bunun bir qismini tikmişik və tikintini davam etdiririk. Həmçinin “Mavi xətt”in tikintisinə başlayanda “Bənövşəyi xətt”in “B-3” stansiyası, bundan əlavə Sarı xətti tikəndə “B-4” stansiyasında da ikimərtəbəli stansiyalar olacaq”.

Həmçinin oxu: Bakı Metropoliteni yeni vaqonların qapısındakı "defekt"i necə düzəldəcək?

“Bakı Metropoliteni” rəsmisi Bakıətrafı ərazilərə estakada üzərində quraşdırılan stansiyaların tikintisinin mümkün olduğunu açıqlayıb:

“Əgər siz Dubaydakı kimi estakada üzərində olan stansiyaları nəzərdə tutursunuzsa, onu deyim ki, biz Sumqayıt, Şıxov, Ələt istiqamətinə metro çəkmək istəsək, bu formada edə bilərik. Çünki həmin yerlərdə Bakı şəhərində olduğu kimi sıxlıq yoxdur. Həm də bizim metro o qədər də böyük deyil. Şəhərin bu günlük planına görə Prezident İlham Əliyevin təsdiqlədiyi “Konseptual inkişaf sxemi”nə əsasən biz bu stansiyaların sayını 75-ə çatdırmalıyıq. Biz stansiyaların sayını 75-ə çatdırana qədər şəhər genişlənəcək.

Hazırda şəhərin Pirallahı, Mərdəkan və cənub istiqamətində genişlənməsi gedir. Biz nümunəni Moskvadan götürməliyik. Orada ildə 10-12 stansiya tikirlər. İlk olaraq stansiya tikilir, sonra onun ətrafında mikrorayonlar salınır. Metro olan yerdə evi tikib satmaq daha asan olur. Amma təəssüflər olsun ki, bizdə bu metod işləmir. Hərə bir parça torpaq alır, evi tikir, onun da nə suyu, nə qazı, nə yolu, nə də metrosu var”.

BakuCity.az

Bakı metro stansiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər