Qeyri-faiz gəlirləri bankların aktivliyini göstərir
Azərbaycanda ən passiv banklar məlum olub.
BakuCity.az FED.az-a istinadən xəbər verir ki, 2019-cu ilin 3-cü rübünün nəticələrinə əsasən, bunlar “Pakistan Milli Bankı”nın Bakı filialı, "Bank Melli İran"ın Bakı filialı, "Bank Avrasiya", "Turanbank", "Ziraat Bank Azərbaycan", “Naxçıvanbank” və "NBC Bank"dır.
Adları qeyd edilən banklar qeyri-faiz gəlirlərinə görə, FED.az-ın tərtib etdiyi bankların renkinqində axırıncı yerləri tuturlar.
Renkinqdən məlum olur ki, cari ilin 9 ayının nəticələrinə görə, "Pakistan Milli Bankı"nın Bakı filialının qeyri-faiz gəlirləri cəmi 12 min manat, "Bank Melli İran"ın Bakı filialının qeyri-faiz gəlirləri 127 min manat, "Bank Avrasiya"nın qeyri-faiz gəlirləri 1 milyon 242 min manat, "Turanbank"ın qeyri-faiz gəlirləri 2 milyon 688 min manat, "Ziraat Bank Azərbaycan"ın qeyri-faiz gəlirləri 2 milyon 761 min manat, "Naxçıvanbank"ın qeyri-faiz gəlirləri 2 milyon 874 min manat, "NBC Bank"ın qeyri-faiz gəlirləri isə 3 milyon 26 min manat təşkil edir.
Qeyd edək ki, bankın qeyri-faiz gəlirləri, əsasən, valyuta mübadiləsi, hesablarla əməliyyatlar, pul köçürmələri və sair əməliyyatlardan tutulan komissiya haqlarından formalaşır.
Qeyri-faiz gəlirlərinin azalması bu sahədə bankların xidmətlərinin və ya bu xidmətlə əməliyyatların məhdud olmasının göstəricisidir. Başqa sözlə, qeyri-faiz gəlirləri bankların müştərilərlə nə qədər aktiv işlədiyini və kreditdən başqa xidmət göstərdiyi sahələrdən nə qədər qazanc götürdüyünü göstərir.
Son illər kredit bazarında aktivliyin aşağı olması bankların faiz gəlirlərinə təsir etdiyi üçün bankların əksəriyyəti yeni xidmətlər hesabına qeyri-faiz gəlirlərini artırmağa çalışırlar.
BakuCity.az