Azərbaycan paytaxtından Yerin ən cənub qitəsinə gedən yol
Antarktida dünyanın ən sirli yerlərindən biridir. Burada temperatur, demək olar, mənfi 90 dərəcəyə qədər enə bilər. Buna baxmayaraq, buz qitəsində uzunluğu 30 km-dən çox olan Oniks kimi çaylar axır.
Yalnız Antarktidada təəccübə səbəb olan “Qanlı şəlalə”ni görə bilərsiniz. Ən təmiz dəniz olan Ueddell də məhz burada yerləşir.
Bəs günəşli Bakıdan buzlu Antarktidaya necə getmək olar?
BakuCity.az qeyri-ənənəvi səyahətlərə üstünlük verənlər üçün Antarktida buzlaqlarına getmək imkanı ilə tanış edir.
PASHA Travel-dən saytımıza bildirilib ki, Antarktidaya getmək üçün bir neçə köçürmə etmək lazımdır:
“Agentliyimiz Antarktidaya bir gediş-dönüş üçün 1860 manatlıq paket təqdim edir. Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanından Doha şəhərinə uçur. Növbəti təyinat məntəqəsi isə Keyptaun şəhəridir”.
Qeyd olunub ki, Keyptaun (CAR) Antarktidaya getməyin mümkün olduğu yeganə yerdir:
“Bu qitədə yalnız bir hotel var - Keyptaundan Antarktidaya uçuşlar təmin edən “White Desert”. Təyyarə yalnız 6 sərnişin oturacağı üçün nəzərdə tutulub. Bu beşulduzlu hoteldə 7 gecə 8 gün qalmaq 92 500 ABŞ dollarına başa gəlir”.