Qum hamamı, ovdan da bərpa olunur
Balaxanı bir vaxtlar neft gölməçələrinin, nəhəng zibil poliqonunun əhatəsində yerləşsə də, indi simasını tamamilə dəyişib.
Dövlət başçısının tapşırığı ilə bu qəsəbədə yollar, küçələr abadlaşdırılır, kanalizasiya, su, telefon xətləri yenilənir, köhnə dam örtükləri, qapı-pəncərə dəyişdirilir, qəsəbə başdan-başa yaşıllaşdırılır. Qəsəbədəki tarixi məkanlar da bərpa edilir və abadlaşdırılır.
BakuCity.az AzTV.az-a istinadən xəbər verir ki, Azərbaycan Televiziyasının əməkdaşları qəsəbədə olub və bərpa olunan tarixi məkanlara baş çəkib.
Adı dünyada ən keyfiyyətli neftin ünvanı kimi göstərilən, Böyük İpək Yolu üzərində yerləşməsinə görə diqqət mərkəzində olan Balaxanının hər tərəfindən tarix boylanır desək, yanılmarıq. Qəsəbədə əhalinin rahatlığını təmin etmək üçün reallaşdırılan sosial layihələrlə yanaşı, dövlət başçısının tapşırığına əsasən, tarixi məkanlar bərpa olunur. Bərpa işlərinə isə 1636-cı ildə Səfəvi şahı Səfinin əmri ilə inşa edilən Karvansaray və onun yaxınlığında yerləşən Qum hamamından başlanılıb.
Yerli əhalinin sözlərinə görə, rəsmi məlumatlarda 15-16-cı əsrə aid olduğu qeyd edilən Qum hamamı həqiqətən də qumun altında qalıb, onillərlə heç kimin diqqətini çəkməyib. Hazırda torpaq qatı təmizlənib, abidənin bərpası üçün kompleks işlər görülməkdədir. Bərpa işlərindən əvvəl isə Mədəniyyət Nazirliyinin əməkdaşları, arxeoloqlar gəlib baxıb, tədqiq edib, rəy veriblər.