Bakı dairəvi dəmir yolu nə vaxt tamamlanacaq?

Bakı dairəvi dəmir yolu nə vaxt tamamlanacaq?

Dəmir yolu üzrə işlərin 80 faizi görülüb

Bakı dairəvi dəmir yolunun birinci hissəsi ilin axırınadək tamamlanacaq.

BakuCity.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

C.Qurbanov qeyd edib ki, əvvəllər “elektriçka” adı ilə mövcud olmuş Bakı dairəvi dəmir yolu uzun illərdir işləmirdi. Son 25 ildə sadəcə 5-10 elektrik qatarı var idi ki, onlar da 40 ildən çox idi işləyirdi və istismar müddəti çoxdan bitmişdi:

Bakı dairəvi dəmir yolu nə vaxt tamamlanacaq?, fotoşəkil-1

“Sizin göstərişinizlə biz bu yolun yenidən tikintisinə başlamışıq. Yan yolları ilə birlikdə bu yolun ümumi uzunluğu 200 kilometrə yaxındır. Uzun illər ərzində yol yatağı sıradan çıxmışdı. Sizin göstərişinizlə bütün yol kəsişmələrini eyni səviyyəlilərdən müxtəlif səviyyəlilərə keçirdik, insanların rahatlığı üçün. Bunu bir növ Abşeron dairəvi dəmir yolu adlandırmaq olar. Çünki bu dəmir yolu Xırdalan şəhəri də daxil olmaqla, bütün Abşeronu birləşdirir. Burada dəmir yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi yerinə yetirilib, 11 yeni, modern stansiya tikilib. Yol üzərində 18 piyada və 6 avtomobil keçidi inşa olunub. Bütün yol boyu çirkab və tullantı sularını yığışdırmışıq. Metal hasarın da təqribən 70 faizə qədərini yerinə yetirmişik”.

Həmçinin oxu: İlham Əliyev: Bakı-Yalama və Ələt-Astara dəmir yollarının vəziyyəti bizi qane edə bilməz

O əlavə edib ki, birinci hissə, Abşeron dairəsini - yəni Bakıdan çıxaraq Biləcəri, Xırdalan, Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, “Koroğlu” və nəhayət, Bakını birləşdirən yol ilin axırınadək tamamlanır.

BakuCity.az

Bakı dəmir yolu Cavid Qurbanov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər