Bakıda tekstil mövzusunda konfrans keçiriləcək

Bakıda tekstil mövzusunda konfrans keçiriləcək

Tədbirdə dünyanın müxtəlif ölkələrindən mütəxəssislər bir araya gələcək

14-17 noyabr tarixlərində Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkilatçılığı ilə “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfrans keçiriləcək.

Azərbaycan Milli Xalça Muzeyindən Bakucity.az-a verilən məlumata görə, muzeydə baş tutacaq konfrans muzeyin təsisçisi, xalçaçı-alim, Xalq rəssamı Lətif Kərimovun doğum gününə, eyni zamanda Azərbaycan xalça sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil olmasının ildönümünə təsadüf edəcək.

Azərbaycan, Türkiyə, Böyük Britaniya, Almaniya, Rusiya, İtaliya, Gürcüstan, Serbiya, Albaniya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Argentina və Taylanddan olan mütəxəssislərin qatılacağı konfransda 39 nəfərin məruzəsi dinləniləcək. Onların çıxışı rəqəmsal dünyada tekstil muzeyləri, tekstil kolleksiyalarında innovativ iş üsulları, layihə menecmenti, kuratorluq işi və təqdimatların keçirilməsi, tekstil muzeylərində konservasiyanın özəllikləri, ziyarətçilərlə iş mövzularını əhatə edəcək.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın kuratorluğu ilə keçirilən konfrans çərçivəsində ikigünlük akademik sessiya, muzeyin 50 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalça Muzeyi” adlı kitabın təqdimatı, “İpək hekayətlər” sərgisinin açılış mərasimi, moda nümayişi, ustad-dərsləri və mədəni proqram nəzərdə tutulub.

Qeyd edək ki, özbək ipək toxuculuq texnologiyasına həsr edilmiş “İpək hekayətlər” sərgisində “ikat” istehsalının bütün mərhələləri təqdim olunacaq. Ekspozisiyanın mühüm hissəsini qədim “ikat”, ənənəvi geyimlər, süzanə, interyer tikmələrin növləri, xovlu xalçalar, milli geyim nümunələri təşkil edəcək. Eyni zamanda, Rusiya Etnoqrafik Muzeyi eksponatlarının replikaları olan ipək və pambıq kuklaların kolleksiyası nümayiş olunacaq. Özbəkistanda “ikat” istehsalı və bu texnologiya ilə istehsal olunmuş parçaların müasir dəbdə istifadəsi videoçarx vasitəsilə göstəriləcək.

Eyni zamanda, Azərbaycan Milli xalça Muzeyinin Latviyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində Latviyalı modelyer Evita Smanuhinanın “Frozen Dreams” adlı moda nümayişi olacaq, LLmood konsepsiyasına uyğun kətan və yundan hazırlanan geyimlər təqdim ediləcək. Konfransın üçüncü günü Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşları tərəfindən xalça toxuma texnologiyasına, xalça eskizləri və onların xüsusiyyətlərinə, çətən istehsalına dair ustad dərslər keçiləcək.

Bakucity.az

Konfrans Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər