6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb
Bakıda gecə saatlarında 18 mərtəbəli binanın damında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.
Yanğının söndürülməsinə 2-ci dərəcəli çağırış elan olunub. 15 yanğınsöndürən maşın və 60-dan çox şəxsi heyət cəlb olunub. Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub. 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.
Elektrik şaxtasında elektrik xətlərinin yüklənməsi nəticəsində yanğının baş verdiyi ehtimal olunur.