Metro stansiyalarına kimlərin adları veriləcək? - RƏYLƏR

Metro stansiyalarına kimlərin adları veriləcək? - RƏYLƏR

"Milli qəhrəmanlardan ən böyük seçim Mübariz İbrahimovdadır"

"Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir. 

BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Ulduz" stansiyasının "Böyükşor"la əvəz olunması planlaşdırılır. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif olunub.  

İki metro stansiyanın adının dəyişdirilməsi zamanı ictimaiyyət nümayəndələrinin fikrinin nəzərə alınması daha düzgün adların təyin olunması ilə nəticələnə bilər. Bu məqsədlə ölkədə tanınmış şəxslərə metro stansiyalara hansı adlarının verilməsi sualı ilə müraciət etdik. Baku.ws-in sualını cavablandıran şəxslərin təklifləri fərqliliyi ilə birgə aktuallığı ilə seçildi. İctimaiyyət nümayəndələrinin fikirləri belə oldu:

Tibb elmləri namizədi Rəşid Mahmudov:

“Bizim o qədər dahilərimiz olub ki, onların adlarının verilməsini istəyərdim. Məsələn dahi Məhəmməd Füzulinin adının stansiyalardan birinə verilməsi yaxşı olardı. Bizi dünyaya tanıdan Rəşid Behbudov kimi müğənnimiz Cahangir Cahangirov, Tofiq QuliyevÜzeyir Hacıbəyov kimi bəstəkarlarımız olub. Bu adlardan birinin də növbəti stansiyaya verilməsini, daha çox Hacıbəyovun adının stansiyalardan birinə verilməsini arzu edirəm”. 

Xalq artisti, İncəsənət Universitetinin professoru Afaq Bəşirqızı:

“Stansiyaların birinin adı mütləq Milli Qəhrəman adını daşımalıdır. Milli qəhrəmanlardan ən böyük seçim Mübariz İbrahimovdadır. Digəri isə Müslüm Maqomayevin adını daşıması yaxşı olardı. Çünki o, dünya şöhərtəli bir şəxsdir və həmişə yaşayacaq. Etiraf etmək lazımdır ki, Müslüm Maqomayev elə bir inci idi ki, o, Azərbaycan mədəniyyətinə düşmüşdü və bundan sonrakı nəsillərə də onun qədrini bilmək lazımdır”. 

İlahiyyatçı, “Məşədi Dadaş” məscidinin imam-camaatı Şahin Həsənli:

“Düşünürəm ki, bu kimi adların dəyişdirilməsi zəruridir. Çünki Sovet dövründən qalma adlardır və o dövrün idioloji abu-havasına uyğundur. Buna görə, bu adların müasir dövrə uyğunlaşıdırlması lazımdır. Bu kimi stansiyalara görkəmli və tarixi şəxsiyyətlərimizin və müasir dövrmüzdəki milli qəhrəmanların adlarının qoyulması yaxşı olardı. Məsələn, Məhəmməd Füzulinin adı qoyula bilər. Həmçinin müasir dövrdə Qarabağ uğrunda döyüşlərdə canını fəda etmiş hansısa Milli Qəhrəmanın adı verilə bilər. Bu həm şəhidliyə sayğı olar, həm də Milli Qəhrəmanların adlarının əbədiləşməsinə xidmət edər”. 

Yazıçı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı:

“Mən çox istərdim ki, metro stansiyaların birinin adı Təbriz olsun. Digərinin adı Bakının daşnak ermənilərdən azad olunmasında xidməti olan Nuru Paşanın adı ola bilər. Əslində Xalqlar Dostluğu və Ulduz adı bir o qədər də pis deyil. Ulduz göydə var və bunu inkar etmək olmaz. Simvolik adlar o qədər də pis deyil. Yeni stansiyalara Cavad xanBabək adının verilməsini də istərdim. Bir məsələ də var ki, yeni ərazilərdə açılan stansiyalara yeni ad axtarmaq lazım deyil, həmin məkanların adlarının stansiyalara qoyulması insanlar üçün də rahat olacaq”. 

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı:

“Əslində bu barədə heç düşünməmişəm və veriləsi adlar çoxdur. Stansiyaların adlarının tanınmış şəxsiyyətlərin adlarından olması daha yaxşı olardı. Fərqi yoxdur qəhrəman və ya tarixi şəxsiyyət olsun. Məsələn, bizdə Üzeyir Hacıbəyovun adını daşıyan stansiya yoxdur və bu adın verilməsi yaxşı olar. Bu da var ki, stansiyaların adını dəyişmək qərarına gəliblərsə, yəqin ki, görünür, hansısa fikirlər var”.

BakuCity.az

Bakı metro stansiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər