“Smart-kart” tipli qaz sayğaclarından imtina edilir? - Rəsmi cavab

“Smart-kart” tipli qaz sayğaclarından imtina edilir? - Rəsmi cavab

"Sayğacların keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiqini tapıb"

“Azəriqaz” İstehsalat Birliyi (İB) bu gün bir sıra KİV-lərdə “smart-kart” tipli sayğaclardan imtina edilməsi və ümumiyyətlə, bundan sonra bu nəsil sayğacların quraşdırılmayacağı barədə yayılan məlumatlara münasibət bildirib.

BakuCity.az-ın məlumatına görə, İB bəyan edib ki, yazılan məlumatlar həqiqətə uyğun deyil və belə bir qərar qəbul olunmayıb:

“Əslində Birlik maliyyə imkanlarını nəzərə alaraq “Itron Gallus” şirkətindən “smart-kart” tipli sayğacların alışını azaldıb. “Azəriqaz” belə hesab edir ki, bu cür addım təşkilatın maliyyə resurslarını daha səmərəli istifadə etməyə və digər vacib istiqamətlərdə lazımi işləri görməyə imkan yaradacaq. Digər tərəfdən, “smart-kart” tipli sayğacların quraşdırılması bundan sonra da davam etdiriləcək. Məsələn, Mənzil Tikinti Kooperativlərinin inşa etdiyi çoxmərtəbəli binalarda sayğaclar daxildə (çöl eyvanlarda) olduğu üçün mexaniki sayğac quraşdırılmır, çünki bu, sərfiyyatın qeydiyyatı üçün çətinlik yaradır. Ona görə də belə tikililərdə “smart-kart” tipli sayğaclar həm quraşdırılacaq, həm də nasazlıq zamanı, eləcə də yoxlama vaxtı çatarkən eyni markalı sayğaclarla əvəzlənəcək.

Daha bir məqama diqqət çəkmək istərdik ki, mexaniki sayğaclardan istifadə edən abonentlərimizin ödənişləri son illər xeyli yaxşılaşıb, yığımlar, demək olar, 100% yerinə yetirilir. Belə olan halda, mexaniki sayğacların quraşdırılmasında hər hansı problem görülmür və bu, həm də “Azəriqaz” İB üçün maliyyə baxımından xeyli sərfəli hesab olunur.

Bəzi mətbuat orqanlarında “smart-kart” tipli sayğacların daha çox problem yaratdığı barədə deyilənlər də düzgün yanaşma deyil. Çünki “Itron Gallus” şirkətinin istehsal etdiyi sayğacların keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiqini tapıb və “Azəriqaz” İB-nin aldığı bu qurğularda hər hansı problem yaşanmır”.

BakuCity.az

Bakı smart kart qaz sayğacı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər