Bakıda 3D piyada zolağı çəkən müəllim: "Hələlik heç bir qurum bu işlə maraqlanmayıb" - FOTO

Bakıda 3D piyada zolağı çəkən müəllim: "Hələlik heç bir qurum bu işlə maraqlanmayıb" - FOTO

Təhsil müəssisəsindəki 3D piyada zolağı maraqla qarşılanıb

Bakıda “ABC – Azerbaijan British College”nin rəsm müəllimi, rəssam Yusif Mirzəyevin çəkdiyi 3D piyada zolağı məktəbdə təhsil alan şagirdlər tərəfindən xüsusi maraqla qarşılanıb.

Y.Mirzəyev BakuCity.az-a açıqlamasında deyib ki, 3D formatında piyada zolağı çəkmək ideyası məktəbin rəhbərliyi tərəfindən irəli sürülüb:

Bakıda 3D piyada zolağı çəkən müəllim: "Hələlik heç bir qurum bu işlə maraqlanmayıb" - FOTO, fotoşəkil-1

“Məktəbin rəhbərliyi və bütün müəllimlər üçün təhsilin keyfiyyəti önəmlidir, amma ən vacib məsələ şagirdlərin təhlükəsizliyidir. Əgər məktəb təhlükəsizliyi təmin etməsə, heç bir valideyn öz övladını həmin məktəbə əmanət etməz.

Məktəbdə piyada keçidləri yenilənməli idi və rəhbərlik belə qərara gəldi ki, ənənəvi zolaqları bərpa etməkdənsə yeni, 3D formatında piyada zolaqları çəkək. İdeya məktəbin bütün kollektivi tərəfindən maraqla qarşılandı. Keçidin konstruksiyası, kölgəsi və formasını düşündüm, məktəbin təsərrüfat işçilərinin də köməyi ilə bu işi reallaşdırdıq”.

Müəllimin fikrincə, ərazisi böyük olan məktəblərdə istər-istəməz piyada təhlükəsizliyi məsələsi aktual olur:

“Məktəbimizin ərazisinin böyük olması burada avtomobillərin müntəzəm hərəkətinə imkan verir. Bu səbəbdən də zolaqlar məktəbin həyətində şagirdləri aparıb-gətirən servis avtobuslarının keçdiyi ərazidə çəkilib. Şagirdlərimiz bunu çox yaxşı qarşıladılar”.

Y.Mirzəyev deyir ki, 3D piyada zolaqları dünya təcrübəsində var və öz effektini göstərir:

“Avropada, qərb ölkələrində, Çində, Avstraliyada 3D piyada zolaqları tətbiq olunur. Azərbaycan da inkişaf etməkdə olan ölkələr sırasındadır. Adi, ağ zolaqlar isə paytaxtda 1951-ci ildən bu yana dəyişməz olaraq qalır.

Hər şey dəyişməlidir, inkişaf etməlidir və 3D piyada zolaqları ölkəmizdə yenilik kimi tətbiq edilə bilər. Bunun üçün xüsusi bir şeyə ehtiyac yoxdur, sadəcə zolaqlara sarı rəng əlavə etmək və effekt vermək kifayətdir”.

O, bildirir ki, şəhərdə bəzi yerlərdə piyada zolaqları pozulub, sürücülər də bundan istifadə edərək piyadaların yolu keçməsinə imkan yaratmırlar. 3D keçidlərinin vizual effekti isə yüksəkdir və həm sürücülər, həm də piyadaların təhlükəsizliyinə kifayət qədər müsbət təsir göstərər:

“Düzdür, məktəbin həyətində çəkdiyimiz bu keçidlə heç bir qurum maraqlanmayıb, amma Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında da 3D piyada zolaqları tətbiq etmək istəsə, onlara əlimizdən gələn köməyi göstərməyə hazırıq”.

Bakıda 3D piyada zolağı çəkən müəllim: "Hələlik heç bir qurum bu işlə maraqlanmayıb" - FOTO, fotoşəkil-2 Bakıda 3D piyada zolağı çəkən müəllim: "Hələlik heç bir qurum bu işlə maraqlanmayıb" - FOTO, fotoşəkil-3 Bakıda 3D piyada zolağı çəkən müəllim: "Hələlik heç bir qurum bu işlə maraqlanmayıb" - FOTO, fotoşəkil-4

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı piyada zolağı 3D Yusif Mirzəyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər