Bəyin qardaşı "Şahənşah"dakı zəhərlənmədən danışdı, restoran isə xəbəri təsdiqləmir

Bəyin qardaşı "Şahənşah"dakı zəhərlənmədən danışdı, restoran isə xəbəri təsdiqləmir

Restoran isə faktı təsdiqləmir

Bir neçə gün əvvəl Bakıda "Şahənşah" restoranındakı zəhərlənmə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

BakuCity.az-ın məlumatına görə, bəyin qardaşı Taleh Şəmsəddin oğlu Məhəmmədov Trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib:

"İlk zəhərlənənlərdən biri dayım oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxlinskaya adına xəstəxanaya aparılıblar. Dayım oğlunun mədəsi yuyulub, yoldaşında isə zəhərlənmə qanına keçdiyinə görə hələ də ev şəraitində müalicə alır".

T.Məhəmmədov qeyd edib ki, qardaşı Elvinin (bəy) vəziyyəti hələ də normallaşmayıb, buna baxmayaraq restoran faktı təsdiqləmir:

"Toydan bir gün sonra restoranla əlaqə saxladıq və baş vermiş hadisəni bildirdik, ancaq onlar "belə bir şey ola bilməz" dedilər. Toyda böyüklərdən başqa, uşaqlar arasında da zəhərlənmə olub, amma xoşbəxtlikdən onlarda ciddi pozuntu aşkarlanmayıb".

Bəyin qardaşı əlavə edib ki, xəstələrin çağırışına gələn təcili tibbi yardım briqadası onların qidadan zəhərləndiklərini təsdiqləyib.

Həmçinin oxu: Bakıda məşhur şadlıq sarayında zəhərlənmə: bəylə gəlinin də halı pisləşdi

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, bununla əlaqədar quruma hər hansı məlumat daxil olmasa da, mətbuatda yayılmış məlumatın həqiqətə uyğun olub-olmaması araşdırılır.

Adıçəkilən restoranın inzibatçısı Pərvin Nəsirovdan BakuCity.az-a açıqlamasında yayılan xəbərlər haqqında məlumatları olsa da, zəhərlənənlərin kimliyi və harada yerləşdirilməsi barədə heç bir məlumatlarının olmadığını deyib:

"Şəhərdə nə qədər xəstəxana varsa, hamısı ilə əlaqə saxlamışıq. Bizə zəhərlənmə faktı ilə bağlı məlumat verilməyib. Belə bir fakt olsaydı, müvafiq qurumlardan nümayəndələr göndərilməli, araşdırma aparılmalıydı, amma heç kəs gəlməyib”.

Şadlıq sarayında verilən yeməklərin keyfiyyətinə nəzarətə gəlincə, o qeyd edib:

“Restoran tərəfindən toy sahibinə belə bir icazə verilir ki, öz nümayəndəsini səhər saat 10-dan axşama kimi mətbəximizə nəzarət üçün göndərsin. Bu vaxta qədər narazılıq doğuran vəziyyət olmayıb. Məhsullarımızın zəmanət kağızı və sertifikatımız, Qida Təhlükəsizliyi Agentliyindən də sənədimiz var. Həftədə, iki-üç, hətta dörd dəfə toylarımız olur. Zəhərlənmə faktı inandırıcı deyil".

Arzu Murad

BakuCity.az

Bakı restoran zəhərlənmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər