Bakı metrosunda qapıları tutan sərnişinləri cərimələməyə başladılar - VİDEO

Bakı metrosunda qapıları tutan sərnişinləri cərimələməyə başladılar - VİDEO

"Ehtiyatlı olun, qapılar bağlanır"

Xüsusən günün pik saatlarında metroda qatarların gecikməsi, ləngiməsi müşahidə olunur. Buna isə müstəlif səbəblər göstərilir. Sən demə, daha bir səbəb isə insan amilidir.

Bəzi sərnişinlərin qatar qapılarını 5-10 saniyə tutub saxlaması ümumi hərəkətə təsir göstərir. Bu da qatarlar arasında intervalın artmasına gətirib çıxarır.

Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

Sakin: “Bir səhər dərsə gedəndə, bir də ki, axşam vaxtı 5-dən sonra çox sıxlıq olur”.

Etibar İsayev – Xidmət rəisi: “Qatarda, salonda elan olunursa ki, qapılar bağlanır, bu elandan sonra qatardan düşmək-minmək olmaz. Təəssüflər olsun ki, bu elandan sonra da bizim sərnişinlərimiz bəzi hallarda çalışırlar ki, nəyin bahasına olursa-olsun qatara tez minsin, növbəti qatarı gözləmək istəmirlər. Bu səbəbdən qapıların bağlanmasına mane olurlar, qapıların bağlanması ləngiyir”.

Qatar stansiyadan gec çıxanda isə tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldır.

Etibar İsayev – Xidmət rəisi: “Qatar başlanğıc stansiyadan sonuncu stansiyaya kimi hardasa 13-15-20 stansiya qət edir. Hər stansiyada bu qatara sərnişin tərəfindən 5-10 saniyə gecikmə olsa, nəticədə bu qatar 2-3 dəqiqə gecikmə ilə gələcək”.

Nazirlər Kabinetinin “Metrodan istifadə qaydaları”na əsasən qapını tutub qatarı gecikdirmək sərnişinin cərimələnməsi ilə nəticələnə bilər. Bu il ərzində həmin qaydaları pozan 20 sərnişin müəyyən olunaraq 50 manat məbləğində cərimələnib.

Elşad Hacıyev – Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi: “Ehtiyatlı olun, qapılar bağlanır” elanından sonra vaqonun salonuna daxil olmaq, eləcə də vaqonun qapılarını tutub saxlamaqla vaqona minmək və ya vaqondan düşmək qadağandır. Qatarın yola düşməsini ləngitmək inzibati xətadır, “Metropolitendən istifadə qaydaları”nın pozulması kimi qiymətləndirilir”.

Qapıları tutub qatarı gecikdirənlər təkcə cərimə qorxusundan deyil, bir qatar dolu insanın evə-işə gecikməsinə səbəb olmaqdan çəkinməlidir.

BakuCity.az

Bakı metro cərimə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər