İki rayonda qaz olmayacaq
Bu gün paytaxtın Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün vacib işlər icra olunacaq.
Bu barədə BakuCity.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Qeyd edilib ki, “Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək.
Saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək.
Həmçinin Xətai rayonu, Nobel prospekti, 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaqdoldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş 159 mm diametrli yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.
Bu işin icrası üçün saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.
BakuCity.az