Borc məsələsi "ortalıqda qalıb" - İstilik verilməsində yenə problem olmayacaq?

Borc məsələsi "ortalıqda qalıb" - İstilik verilməsində yenə problem olmayacaq?

Borc məsələsi qüvvədə qalır

Noyabrın 15-dən etibarən payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanmalı idi. Lakin “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə borcu səbəbindən binalara istiliyin verilməsi təxminən sutka yarım yubandı. Bununla belə, hələ də bəzi ərazilərdə sakinlərin istilikdən yararlana bilməməsi, bəzi yerlərdə isə istiliyin zəif olması ilə bağlı şikayətlər var.

BakuCity.az məsələ ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətləri şöbəsinin rəisi Rafiq Əliyevlə əlaqə saxlayıb.

R.Əliyev bununla bağlı araşdırma apardıqlarını bildirib:

“Düzü, bu barədə şikayətlərdən xəbərsizəm, çünki hər yerə istilik verilir”.

“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə borcu məsələsinə gəldikdə, R.Əliyev problem olmadığını deyib:

“Bu məsələlər dövlət tərəfindən tənzimlənəcək”.

Sözügedən problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov isə BakuCity.az-a açıqlamasında bildirib ki, “Azəristiliktəchizat” ASC-nin İB-yə olan borcu sakinlər üçün heç bir narahatlıq yaratmamalıdır:

“Borc məsələsi ortalıqda qalıb. Buna baxmayaraq, biz vətəndaşları düşünüb, noyabrın 16-sı günorta saatlarından başlayaraq qazanxanalara qazın açılışını təmin etmişik. Bu, hər il belə olur, baxmayaraq ki, borc məsələsi qüvvədə qalır. Yəqin müəyyən səlahiyyətli orqanlar bu məsələ ilə maraqlanacaqlar”.

Arzu Murad

BakuCity.az

Bakı istilik sistemi borc
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər