BNA-dan ənənəvi parkinq bəyanatı - PULSUZDUR

BNA-dan ənənəvi parkinq bəyanatı - PULSUZDUR

Tariflər təsdiqlənməyib

"Əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş, parklanma üçün müvafiq nişanların da qoyulduğu bütün parklanma yerlərində avtomobilləri park etmək olar və ödənişsizdir”.

BakuCity.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev sürücülərin parklanma yerləri üçün tələb edilən ödənişlərə etirazına cavab verərkən bildirib.

M.Ağayev qeyd edib ki, əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan 423 parklanma yeri BNA-ya təhvil verilsə də, hələlik tariflər müəyyənləşməyib:

“Küçə parklanma yerlərinin idarə olunması ilə bağlı zəruri komponentlər var. Ən vacib olanı isə tarif məsələsidir. Tariflərin müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət olunub. Hazırda Nazirlər Kabinetində məsələyə baxılır. Bu yaxınlarda bizə rəsmi cavab veriləcəyi bildirilib”.

O bildirib ki, tariflər müəyyənləşənədək küçə parklanmasına görə vətəndaşlardan pul yığan şəxslərin, yaxud təşkilatın fəaliyyəti tam qanunsuzdur:

“Çünki Bakı da daxil olmaqla ölkə üzrə avtomobil parklanmasına görə tariflər təsdiqlənməyib. Hətta qanunsuz ödənişlərlə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən hüquq-mühafizə orqanlarına, prokuroluğa da müraciət edilib”.

BakuCity.az

Bakı parkinq ödəniş
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər