Sakinlərə kanal suyunu da çox görürlər
Düşünmək olardı ki, yay arxada qalıb və bəzən sakinlərin yayda suyu fasilələrlə alması problemi də aradan qalxıb. Ancaq bu sözləri Sumqayıt şəhər “Yaşma bağları” massivinə aid etmək mümkün deyil. Nə qədər paradoksal olsa da, burada susuzluq problemi məhz yayın bitməsi ilə başlayır.
BakuCity.az-ın araşdırması nəticəsində məlum olub ki, burada 1988-ci ildən məskunlaşan əhali elə həmin vaxtdan içməli suyu ya satın alır, ya da Taxtakörpü kanalından gələn suvarma suyundan istifadə edir.
Yəni XXI əsrdə bu qəsəbədə yaşayan insanlar hələ də kanal suyunu içmək məcburiyyətindədir. Lakin son vaxtlar bu kanal suyunu da insanlara çox görüblər.
Sumqayıt şəhər “Yaşma bağları” massivində yaşayan Kamil Abdullayev redaksiyamıza müraciət edərək əraziyə verilan kanal suyunun da kəsildiyini deyib. Halbuki kanaldan gələn su boş-boşuna Xəzər dənizinə axıdılır, amma nədənsə yaşayış massivinə su verilmir.