Aktiv istirahəti və adrenalin sevənlər üçün
Kartinq kimi əyləncə növləri dinamik və aktiv istirahətə üstünlük verən insanlar arasında çox populyardır. Təhlükəsiz olmasına baxmayaraq, yenə də sizin yaddaşınızda dərin buraxacaq bir ekstrimdir.
BakuCity.az paytaxtda özünüzü Formula 1 pilotu kimi hiss edə biləcəyiniz, məmnun qalacağınız bu tip əyləncə mərkəzlərinin başqa hansı xidmətləri göstərdiyi barədə araşdırma aparıb.
Baku Сity Кarting
Su İdmanı Sarayının ərazisində yerləşən bu kartinq mərkəzi ötən il açılıb və artıq paytaxt sakinləri və qonaqlar arasında populyarlıq qazanıb. Bu mərkəzə gələnlər Fransız şirkətinin pilotun tam təhlükəsiz vəziyyətdə olduğu SODI KARTS kartlarını sürmək fürsəti əldə edirlər. Müştərilərin dəbilqə və odadavamlı kombinezondan istifadə etmələri tələb olunur. 8 yaşdan yuxarı hər kəs “yarış”da iştirak edə bilər.
Kartinqin ərazisində istirahət etmək, yemək üçün və ya sürət yarışını izləyə biləcəyiniz kafe də var.
Kartinq mərkəzində peşəkar pilot kursları da var: ayda 8 dərs.
Qeyd edək ki, bu mərkəz Bakı Şəhər Halqasının (Baku City Circuit) Əməliyyat Şirkətinin bilavasitə iştirakı və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə açılıb.
Baku Karting
“Elite” Ticarət Mərkəzinin yanında yerləşən bu kartinq mərkəzində pilotun yaşının 10-dan və boyunun 140 sm-dən yuxarı olması tələb olunur. Burada xüsusi uşaq dəbilqələri və kostyumları var. Gənc yarışçılar üçün də toqquşma zamanı uşağı mükəmməl qoruyan yastıqlarla gücləndirilmiş plastik qoruyucu bədən dəsti təqdim olunur. Burada HONDA GX120 mühərrikli ALPHA2 və MINI kartlarını sürə bilərsiniz.