Bakıda tanqo dərsləri başlayır - FOTO

Bakıda tanqo dərsləri başlayır - FOTO

Beynəlxalq Bakı Tanqo Festivalının mətbuat konfransı keçirilib

Argentinanın Azərbaycandakı səfirliyi və “United Cultures”in təşkil etdiyi Beynəlxalq Bakı Tanqo Festivalı 29 noyabr – 1 dekabr tarixlərində 3-cü buraxılışı ilə tanqosevərlərin görüşünə gələcək.

BakuCity.az xəbər verir ki, bununla əlaqədar keçirilən mətbuat konfransda KİV nümayəndələrinə festivalın proqramı ilə bağlı ətraflı məlumat verilib.

Argentinanın Azərbaycandaki səfirliyinin nümayəndəsi Eduardo Kavayero bildirib ki, festivala yerli və əcnəbi tanqo məktəbləri cəlb olunub:

“Bir çox tanqo ustaları da festivala qatılmaq istəyirdilər. Dünyanın İstanbul kimi məşhur şəhərlərində və bir çox yerində minlərlə insan tanqo ilə məşğul olur. Fikrimcə, Azərbaycanda da bu rəqs növünü sevənlər az deyil və bu festival onlar üçün əlverişli rol oynayır”.

Argentina səfirliyinin ticarət və mədəniyyət şöbəsinin müdiri Korina Lehmann bildirib ki, tanqo Argentina mədəniyyətinin ən yüksək göstəricisidir:

“Tanqo XIX əsrdə Argentinaya gələn xalqların mədəniyyətinin sintezindən yaranıb. Bu rəqs sadəcə ehtiraslı rəqs və melanxolik musiqi deyil, müxtəlif insanların bir mövzu ətrafinda sevinib kədərlənməsidir".

mçinin oxu: Bakı metrosunda tanqo şousu - VİDEO

Mədəniyyət Nazirliyinin rəsmisi Elnarə Quliyeva çıxışında festivalin əhəmiyyətindən söz açıb:

"Argentina əməkdaşlığa hazır olan bir ölkədir və bütün layihələrdə fəal iştirak edir. Argentina və Azərbaycan arasında dostluq əlaqələri isə hər zaman yüksək səviyyədə olub. Xalqlarımızı bir-birinə yaxın edən bu festivala dəstək oluruq və bu cür layihələrin davamlı olmasını diləyirik”.

Bakı Xoreoqrafiya Akademiyasının şöbə müdiri, Əməkdar artist Sənan Hüseynli akademiyada artıq tanqo dərslərinin veriləcəyini deyib:

“Festival yerli rəqqasların peşəkar istiqamətdə inkişafına böyük təkan verir. Tanqo ilə professional şəkildə məşğul olmaq istəyənlər üçün akademiyada tanqo üzrə ustad dərsləri də təşkil olunacaq”.

"Bakı Metropoliteni” QSC-nin şöbə müdiri Lalə Babayeva isə bildirib ki, metro Bakı sakinlərinin kütləvi istifadə etdiyi məkandır və rəqqas olmayan insanlar da bu cür məkanlarda rəqs etməkdən çəkinmir. Məhz bu səbəbdən oktyabrın 29-da festival çərçivəsində “İçərişəhər” metro stansiyasında tanqo şousu reallaşdı.

Qeyd edək ki, festival "The Landmark Baku", Bakı Metropoliteni, Nizami Kino Mərkəzi və "Nizami Restaurant & Lounge" ilə birgə Azərbaycan Mədəniyyət Nazirliyi, ADA Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, "NESS Company", "IN Tango Baku", "Tango On", "El Club de Tango", Badi Kuba və "R&N-project Dance School in Baku" və "Macrobiosis Tango School"nun dəstəyi ilə keçirilir.

Festivalın informasiya tərəfdaşı BakuCity.az saytıdır.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakı tanqo festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər