Axşam yol tamamilə bağlandı
Bakıda Bibiheybət məscidinin yaxınlığında çökmüş yolda bir neçə gün öncə çatlar əmələ gəlmişdi.
Bunu BakuCity.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.
O bildirib ki, həmin ərazi Agentliyin əməkdaşları tərəfindən nəzarətə götürülmüşdü:
“Ötən gün axşam saatlarından etibarən isə əməkdaşlarımız həmin ərazidə çatların genişləndiyini müşahidə etdilər. Təbii ki, aidiyyəti üzrə məlumatlar verildi və dərhal yolun bağlanması qərara alındı. Axşam saat 7-8 radələrində yol tamamilə bağlandı və nəqliyyat vasitələri təhlükəsizlik baxımından alternativ olaraq əks istiqamət üzrə, 20-ci sahə adlanan əraziyə doğru yönləndirildi. Səhər saatlarına doğru isə sürüşmə nəticəsində həmin yolun bir hissəsində çökmə baş verdi”.
Həmçinin oxu: Bakıda yağışdan sonra dəhşətli torpaq sürüşməsi - FOTO + VİDEO
A.Nəcəfli vurğulayıb ki, hazırda Dövlət Agentliyinin əməkdaşları müvafiq qurumların əməkdaşları ilə və mütəxəssislərlə birlikdə araşdırma aparırlar:
“Bu barədə ətraflı məlumat veriləcək. Badamdar sürüşmə zonalarında dağılma ehtimalı olan başqa yollar yoxdur”.
Ramilə Qardaşxanqızı
BakuCity.az