Qurumlar "Yaşma bağları"na niyə sahib çıxmır? - Sakinlər kanal suyuna möhtac qalıb - VİDEO

Qurumlar "Yaşma bağları"na niyə sahib çıxmır? - Sakinlər kanal suyuna möhtac qalıb - VİDEO

“Yaşma bağları”na su nə zaman veriləcək?

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər “Yaşma bağları” massivində 1988-ci ildən yaşamağa başlayan əhali elə həmin vaxtdan içməli suyu ya satın alır, ya da “Taxtakörpü” kanalından gələn suvarma suyundan istifadə edir. Sakinlərin dediyinə görə, bu suyun verilməsində isə tez-tez problemlər yaşanır.

Bəs, görəsən, əraziyə niyə su verilmir? 

BakuCity.az məsələ ilə bağlı Sumqayıt şəhər bələdiyyəsindən “Yaşma bağları” massivinə təhkim edilmiş Eldar Məmmədova müraciət edib. Bələdiyyənin sözçüsü deyir ki, bu ərazidə suvarma sistemi ümumiyyətlə heç bir quruma tabe deyil, ona görə də məsələ kökündən həll olunmur: 

“Burada Sumqayıt vətəndaşlarına torpaq sahələri 1988-ci ildə verilib və son dövrlərə qədər ərazidə suvarma sisteminin tabe olduğu müəssisə olub. Nə Xızı, nə Sumqayıt şəhər Sukanal İdarəsi, nə “Azərsu”, nə də “Meliorasiya və Su Təsərrüfatı” ASC bu sistemə sahib çıxır. Qəsəbədə sudan istifadəyə görə ödənişlər isə Xızı Suvarma Sistemləri İdarəsi tərəfindən yığılır. Havaların quraq keçməsi, Şabran rayonunda “Taxtakörpü” su anbarında və Ceyranbatanda suyun səviyyəsinin aşağı düşməsi “Yaşma bağları”nda su problemini daha da artırıb, su məhdudiyyətlə verilir.

Ceyranbatandan iki böyük şəhərin əhalisi su ilə təmin olunur və heç kim 3-4 milyon əhalini susuz qoyub yalnız bir qəsəbəyə su verməz. Bu səbəbdən də “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən “Yaşma bağları”na verilən suvarma suyu müvəqqəti olaraq dayandırılıb”.

E.Məmmədov onu da qeyd edib ki, “Yaşma bağları”nda elə 1988-ci ildən içməli su problemi var. Bu problemin həllini Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov öz öhdəsinə götürüb.

Həmçinin oxu: "Yaşma bağları"nda 30 illik su problemi: kanal suyunu dənizə axıdırlar, sakinlərə vermirlər - FOTO + VİDEO

Məsələ ilə bağlı Sudan İstifadəedənlər Birliyinin icraçı direktoru Nəhayət Allahyarovla əlaqə saxladıq. O, “Yaşma bağları”na suvarma üçün verilən suyun oktyabrın 25-dən kəsilməsi faktını təsdiqlədi:

“Bizə verilən göstərişə əsasən “Taxtakörpü” su anbarından Ceyranbatan gölünə qədər olan məsafədəki su çıxışları tamamilə bağlanmışdı. Buna səbəb isə su qıtlığıdır. Əhaliyə içməli su çatmır deyə, əkin üçün heç bir yerə su verilmirdi, o cümlədən “Yaşma bağları”na. Bildiyiniz kimi, bu massivin içməli suyu yoxdur, ona görə də insanlar suvarma suyundan istifadə edirlər. Bu isə texniki, suvarma məqsədilə verilən mövsümi sudur. Bu camaatın oktyabr ayında bizdən mövsümi su istəməsi isə absurddur.

Lakin aidiyyəti qurumlara müraciət etdik və “Yaşma bağları”nın suvarma sistemi yenidən təmin olundu. Problem isə bununla bitmədi, bir gün sonra boruların partlaması nəticəsində suyun verilməsində təkrar məhdudiyyət yarandı”.

N.Allahyarov deyib ki, noyabrın 19-dan suyun verilməsi yenidən bərpa olunub, amma nə vaxta qədər davam edəcəyi bəlli deyil:

“Əraziyə verilən su xəttinin uzunluğu 17 kilometrdir və borular bərbad vəziyyətdədir, verdiyimiz suyun tam yarısı itkiyə gedir. Xızı Suvarma Sistemləri İdarəsi “Yaşma bağları”na illik ödəniş əsasında su verir, amma su borularının təmiri və s. problemlər bizim səlahiyyətimizdə deyil”.

Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə də əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, “Yaşma bağları”ında “Azərsu”nun mərkəzləşdirilmiş su şəbəkəsi yoxdur:

“Bu ərazidə içməli su yoxdur, insanlar suyu satın alırlar. “Azərsu” tərəfindən bu problemə yalnız 2021-ci ildən sonra, yəni ərazinin su sisteminə investisiya ayrıldıqdan sonra baxıla bilər. Hazırda Bakıətrafı qəsəbələr - Maştağa, Nardaran, Türkan, Zirə, Binə, Şüvəlan və Şağanın bir hissəsində su yoxdur və bu istiqamətlərdə işlər görülür. “Yaşma bağları” isə bağ massividir, yalnız bundan sonrakı mərhələdə baxıla bilər”.

Aldığımız cavabdan belə məlum olur ki, “Yaşma bağları”nın sakinləri 2021-ci ilə qədər içməli su problemi yaşayacaqlar. O da dövlət tərəfindən bu qəsəbənin su sistemi üçün maliyyə ayrılsa.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-dən isə hələ də cavab gözləyirik.

Xatırladaq ki, Sumqayıt şəhər “Yaşma bağları” massivində yaşayan Kamil Abdullayev redaksiyamıza müraciət edərək əraziyə verilan kanal suyunun da kəsildiyini bildirmişdi.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Yaşma bağları su problemi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər