Bakıda dəb halını alan "xəstəlik": siqareti tərgitməyə kömək, yoxsa asılılıq?

Bakıda dəb halını alan "xəstəlik": siqareti tərgitməyə kömək, yoxsa asılılıq?

Veyplər siqaret çəkməyən insanlarda nikotindən asılılıq yaradır

Pulmonoloq: "Əsas problem gənclərin siqaret aludəçiliyinə cəlb olunmasıdır"

Son illərdə siqaretin müxtəlif və yeni əvəzediciləri həm çox siqaret çəkənlər, həm də gənclər arasında dəb halını alıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeniyetmələrin belə tütün məmulatlarına meylindən narahatdır. ABŞ-da isə mütəxəssislər bu siqaretlərin çəkilməsi səbəbindən bağlı ölüm hallarını qeydə alıblar. Bununla əlaqədar olaraq, bir çox ölkələrdə elektron siqaret (veyp) satışının qadağan edilməsi üçün işlər görülür.

BakuCity.az-a müsahibəsində Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının dosenti Ceyhun İsmayılzadə veyplərin siqareti tərgitmək üçün yaradıldığını qeyd edib:

“Mütəxəssislər hər cür nikotin saqqızı, plasterlər, dərmanlar, elektron siqaret də daxil olmaqla,  siqareti tərgitməyin bütün üsullarını həmişə təqdir ediblər, ancaq son vaxtlar bir çox xəbər agentliklərində Avropa və ABŞ-da elektron siqaretlərin satışına qadağan qoyulmasına başlandığı barədə məlumatlar yayılır”.

O qeyd edib ki, Nyu York Amerikada elektron siqareti qadağan edən ilk ştatdır, amma söhbət onun ətirli növündən gedir:

“Elektron siqaret istehsalçıları öz məhsullarını siqareti tərgitmək istəyənlərə kömək kimi təqdim edirlər. Amma problem bu dəbin sürətlə yayılmasıdır. Nəticədə siqaret çəkməyənlər, daha da pisi, gənclər də bu siqaretlərə can atırlar. Düzdür, onlarda adi siqaretdən daha az nikotin var, amma siqaret çəkməyən insanlarda nikotindən asılılıq yaradır və nəticədə onları digər tütün məhsullarına həvəsləndirir”.

C.İsmayılzadənin sözlərinə görə, Qərbdə və Rusiyada “veyp xəstəliyi” termini yaransa da, keçən il ÜST bu məhsullardan ölüm hallarının artdığını sübut edən elmi dəlil olmadığı barədə material dərc edib:

Bakıda dəb halını alan "xəstəlik": siqareti tərgitməyə kömək, yoxsa asılılıq?, fotoşəkil-1

“Buna baxmayaraq, ABŞ-da mütəxəssislərin xüsusi olaraq belə siqaretlərlə əlaqələndirdiyi çox sayda ölüm hadisəsi qeydə alınıb. Elektron siqaret çəkərkən nəyin ölümə səbəb olduğunu tez-tez soruşurlar.  Buna, adətən, belə cavab verirəm: Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ də sübut olunmamış fikrə görə, buna veypdən qaynaqlanan ağciyər xəstəliyi səbəb olur”.

Bu xəstəlik kifayət qədər tez inkişaf edir və bir sıra simptomlarla müşayiət olunur: artan tənəffüs çatışmazlığı və ikitərəfli ağciyər infiltratlarının meydana gəlməsi. Mütəxəssisin vurğuladığı kimi, xəstəlik pnevmoniyaya bənzəyir, buna görə də xəstəyə “veyp xəstəliyi” ilə mübarizə apara bilməyən antibiotiklər kursu təyin olunur. Lakin bədəndə infeksiya olmadığı üçün onun xeyri yoxdur.

Pulmonoloq davam edir: “Bu yaxınlarda həmin xəstəliyin müalicəsi üçün həkimlər iltihab prosesini dayandırmağa kömək edən hormonal dərmanlardan istifadə etməyə başlayıblar”.

Həmçinin oxu: Bakıda elektron siqaretlər və tütün qızdırıcıların reklamına niyə icazə verilir?

O, adi siqaretlərdən fərqli olaraq, daha az təhlükəli mövqedə olan tütün qızdırıcıları haqqında da danışıb:

“Tütün təbəqələri ilə doldurulduğunu nəzərə alsaq, onları yenə dəbə salınmış adi tütün məhsulları ilə müqayisə etmək olar. Bu halda da problem sözügedən qurğuların dəbə çevrilməsidir və hətta əvvəllər siqaret çəkməyi düşünməyən, dəbi kor-koranə izləyən insanların onlara can atmasıdır. Bütün bunlar siqaret çəkənlərin sayının artmasına və onlar arasında hətta yuxarı sinif şagirlərinin çoxalmasına səbəb olur”.

Pulmonoloq hesab edir ki, Azərbaycanda belə siqaretlər digər ölkələrdəki kimi yayılmayıb:

“Qonşu Türkiyədə belə məhsulların satışını qadağan etmək istəyirlər. Ölkəmizdə isə hələ ki belə bir söhbət yoxdur”.

C.İsmayılzadə əlavə edib ki, siqareti atan insanların 70-80%-nin tütün çəkməni elektron siqaretin köməyi olmadan tərgitməsi barədə ÜST-nin statistik məlumatı var. Siqareti saqqız, plastır və ya elektron siqaretlə əvəz edənlər isə bu asılılığı tərk etməkdə çətinlik çəkirlər.

Züleyxa İsmaylova

BakuCity.az

Bakı elektron siqaretlər tütün qızdırıcılar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər