Bəs dəvə ətini haradan alırlar?
Abşeron mətbəxinin özəl təamı hesab olunan dəvə qutabını paytaxtın bəzi qutab evlərində dadmaq və ya sifariş vermək mümkündür.
Əsasən, “Corat qutabı” kimi tanınan bu milli mətbəx nümunəsi üçün şəhərin müxtəlif yerlərindən Corata axın edənlər də az deyil.
Corat qutabı dəvə ətinin az və bahalı olduğuna görə digər qutab növlərindən nisbətən yuxarı qiymətə (50 qəpikdən 1 manata) satılır.
Maraqlıdır sahibkarlar, paytaxtda illərlə satışı təşkil olunan dəvə qutabına bəs edəcək qədər əti haradan alırlar?
Bakıda hər həftə dəvə kəsilir
BakuCity.az bu suala cavab tapmaq üçün paytaxtda fəaliyyət göstərən “Corat Qutabı” qutab evi ilə əlaqə saxlayıb. Məkandan saytımıza bildirilib ki, əti Maştağa bazarından alırlar:
“Maştağa bazarında ayda bir dəfə dəvə kəsimi olur. Onlarda dəvə əti alıcılarının siyahısı olur. Kəsimdən əvvəl əlaqə saxlayıb kimə nə qədər ət lazım olduğunu soruşurlar. Bu qayda ilə bazarda hər ay 200-250 kq-lıq dəvə kəsilir. Biz hər dəvə kəsimində 15 kq ət alırıq, bu bizə 15-20 gün, bəzən isə bütöv bir ay ərzində bəs edir”.
“Resttime Novxanı” restoranından isə bildiriblər ki, dəvə ətini elə Novxanıdan alırlar:
“Novxanıda hər həftə dəvə kəsilir, biz isə hər dəfə 30-40 kq ət alırıq, bu da ay ərzində 120-160 kq ət deməkdir”.
Qiymət cədvəli:
Məkan | Corat qutabı | Qiymət |
“Corat Qutabı” | Sifariş | 25 manatdan |
Çatdırılma | 3 manat |
Qutab (1 ədəd) | 80 qəpik |
“Gutab House” | Qutab (1 ədəd) | 1 manat |
“Resttime Novxanı” | Qutab (1 ədəd) | 1.50 AZN |
“Balıqçı” | Qutab (1 ədəd) | 1 manat |
Ləman | Qutab (1 ədəd) | 1 manat |
Dəvə qutabı Azərbaycan milli mətbəxinə aid yeməklərdən biridir. Türkiyə və İran milli mətbəxində rast gəlmək olar. Dəvə ətinin şirin dada malik olması onu fərqləndirən cəhətidir. Buna görə də dəvə qutabı bu gunədək məşhurluğunu itirməyib.
Dəvə qutabının hazırlanma qaydası
Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Dəvə əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə dəvə əti yaxılır, o biri tərəfi üstünə qatlanaraq aypara şəklinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.
Lazım olan məmulatlar:
400 qr dəvə əti
2 baş soğan
20 qr lavaşana və ya 40 qr nar
440 qr buğda unu
100 qr yağ, sumaq, darçın, duz və istiot
Nuş olsun!
Ramilə Qardaşxanqızı
BakuCity.az