Avtobusu dəyişən sərnişinlərdən heç bir ödəniş tələb olunmur
Bibiheybət yolunda baş vermiş torpaq sürüşməsinin nəticələri aradan qaldırılanadək Yeni Salyan yolunda yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədilə 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Dəyişikliyə əsasən, 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar 20-ci sahə adlanan ərazidən şəhər istiqamətinə gedərkən yenidən Yeni Salyan yoluna (Jurnalistlər binası istiqamətində) daxil olacaq. Bakı Ali Neft Məktəbinə yaxın hissədən geriyə dönərək təkrar şəhər mərkəzi istiqamətində hərəkət edəcək.
Həmçinin oxu: Bakıda 12 metrlik avtobuslar sabahdan istifadəyə verilir - FOTO
Şəhər mərkəzindən Yeni Salyan yolu (Jurnalistlər binası) istiqamətində gələn sərnişinlər də 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə etməlidirlər.
Həmin sərnişinlər 20-ci sahədə gəldikləri avtobusdan düşərək sonuncu dayanacaqdan 5 nömrəli xətt üzrə şəhər istiqamətində çıxan ilk avtobusa minməlidirlər. Avtobus dəyişən zaman sərnişinlərdən heç bir ödəniş tələb olunmur.