Müğənni bakılı pərəstişkarları üçün ən populyar hitlərini səsləndirib
Bakıda rusiyalı sənətçi Aleksey Çumakovun konserti böyük anşlaqla keçib.
BakuCity.az xəbər verir ki, Rusiyanın tanınmış estrada müğənnisi Aleksey Çumakov noyabrın 30-u Bakıda, Heydər Əliyev Sarayında solo-konsert verib.
Sənətçi konsertini orkestrin müşayiəti ilə təqdim edib.
“Salam, Bakı!” – deyə müğənni saraydakı bütün tamaşaçıları salamlayıb:
“Şadam ki, yenidən bu zala toplaşdıq. Biz ikinci dəfədir Bakıya gəlirik və ikinci dəfədir ki bizi sevindirirsiz. Maraqlıdır ki, hər il çox sayda sənətkar Bakıdakı “Jara” festivalına gəlir. Hər dəfə düşünürəm ki, buraya solo-konsert verməyə gəlsəm, heç kim gəlməz. Ancaq yenə gəldiniz, biletlər qısa müddətdə satıldı”.
A.Çumakov bakılı pərəstişkarları üçün ən populyar hitlərini, habelə özünün bəstələri olan yeni kompozisiyalarını səsləndirib. Onun romantik musiqiləri al-əlvan işıqların fonunda salon boyu yayılaraq izləyicilərə xoş anlar bəxş edib.
Qeyd edək ki, A.Çumakov Bakıda ilk solo konsertini 2018-ci ilin dekabrında keçirib. O, həmçinin iki dəfə Bakıda “Jara” musiqi festivalında iştirak edib.
İnformasiya dəstəyi: BakuCity.az