“Bakutel” sərgisinin sahəsi artıb - FOTO

“Bakutel” sərgisinin sahəsi artıb - FOTO

Konfransda sərginin tarixi və yubiley proqramı barədə məlumat verilib 

“Bakutel” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

BakuCity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadənin iştirakı ilə keçirilən konfransda İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli, "Azercell Telekom" MMC-nin korporativ ünsiyyət üzrə rəhbəri Nigar Şıxlinskaya, "Caspian Event Organisers" şirkətinin region üzrə direktoru Edvard Stron, layihə rəhbəri Nazilə Nahmatova iştirak ediblər. 

Konfransda mətbuat nümayəndələrinə 3 dekabr saat 10:00-da Bakı Ekspo Mərkəzində keçiriləcək açılış mərasimi və sərginin proqramı barədə məlumat verilib.

İlk çıxış edən E.Stron builki sərgidə dünyanın 23 ölkəsini təmsil edən 238 şirkətin bir araya gələcəyini bildirib. Onun sözlərinə görə, milli pavilyon və iştirakçıların 30%-i bu sərgidə ilk dəfə iştirak edir. Bu dəfə sərgi sahəsi 6% artıb.

E.Stron bütün bu illər ərzində sərgiyə tərəfdaşlıq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, informasiya dəstəyinə görə KİV nümayəndələrinə və əməkdaşlıq etdikləri bütün şirkətlərə minnətdarlığını bildirib. 

Nazir müavini E.Vəlizadə çıxışında 1994-cü ildən fəaliyyətə başlayan sərginin bu illər ərzində özünə layiq yer tutduğunu bildirib. Həmçinin hər il olduğu kimi, bu il də sərgi iştirakçılarını maraqlı tədbirlərin və stendlərin gözlədiyini deyib:

“Bakutel” sərgi və konfransı bu il 25-ci il yubiley konfransı və sərgisini keçirir. "Bakutel" bu illər ərzində ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafını tərənnüm etdirən, onu dünyaya çatdıran böyük tədbirə çevrilib və ən əsası, sərgi, demək olar, Azərbaycanın İKT sahəsində ən önəmli tədbirlərdən biri olub. Son 5 il ərzində sərgi-konfransda təqribən 3 min şirkət iştirak edib – 50 ölkə təmsil olunub və 160 min ziyarətçi bu sərgiyə qatılıb. Bu sərgi konfransda hər il dünyanın müxtəlif ölkələrindən şirkətlər və rəsmilər iştirak edirlər. Hər il ilin sonunda biz bu sərgi vasitəsilə il ərzində görülmüş işlərə müəyyən yekun vururuq, ictimaiyyətə məlumatlar çatdırırıq və sərgini ziyarət edən şəxslər ən qabaqcıl texnologiyalarla və ölkəmizdə həyata keçirilən layihələrlə tanış ola, ən əsası isə gələcəyə baxış – yaxın zamanlarda ölkədə həyata keçiriləcək layihələrlə tanış ola bilirlər. Sərgi son illər Prezident İlham Əliyevin himayəsi altında keçirilir və dövlət başçısı hər il sərgini ziyarət edir”.

E.Vəlizadə dekabrın 4-ü – sərginin 2-ci günündə beynəlxalq konfransın keçiriləcəyini bildirib. Bu il ikinci dəfə keçiriləcək konfransın mövzusu “Əşyaların interneti” olacaq: 

“Əşyaların interneti verilən müəyyən proqnozlara əsasən yaxın 20 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsinin aparıcı qüvvələrindən biri kimi çıxış edəcək. Artıq Azərbaycanda son illərdə bir neçə dəfə bu mövzuda ardıcıl tədbirlər keçirilib. Bu səbəbdən də qərara aldıq ki, beynəlxalq konfransın mövzusu “Əşyaların interneti” olsun. Bu konfransa da müxtəlif beynəlxalq təşkilatlardan, şirkətlərdən, o cümlədən yerli şirkətlərdən nümayəndələr qatılacaqlar".

Sərgidə iştirakçılar üçün əyləncə yenə də inkişafetdirici məqam olan – “Robotlar sərgisi” olacaq. Sərginin robotlar güşəsində dünyada unikal sayılan bir neçə robot nümayiş olunacaq. 

E.Vəlizadə 25 il ərzində sərginin təşkilində səy göstərmiş, xidmətlləri olmuş şirkət və komandalara, bu illər ərzində sərgi barədə geniş məlumatlar yayan KİV-ə öz təşəkkürünü bildirib.  

Qeyd edək ki, “Bakutel” sərgisinin açılış mərasimi 3 dekabr saat 09:45-də Bakı Ekspo Mərkəzində keçiriləcək.

Açılış mərasimində Azərbaycan  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjao və digər rəsmilər iştirak edəcəklər.

Sərginin informasiya tərəfdaşı BakuCity.az saytıdır.

“Bakutel” sərgisinin sahəsi artıb - FOTO, fotoşəkil-1 “Bakutel” sərgisinin sahəsi artıb - FOTO, fotoşəkil-2

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakutel sərgi 2019
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər