Yaralılardan biri hamilədir
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BakuCity.az APA-ya istinadən məlumat verir ki, yol qəzası Binəqədi rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.
Hadisə zamanı iki "BMW" və "Opel" markalı avtomobillər toqquşub, nəticədə 6 nəfər xəsarət alıb. Yaralılar 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Onlardan birinin - hamilə qadının vəziyyətinin ağır olduğu deyilir. Həmin şəxs xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Yaralılar 10-MD-081 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Həsən, avtomobildə olan sərnişin Aleksandr Naqutin, 99-FE-712 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Tural Rəhmanov, həmçinin sərnişinlər - hamilə olan Marina, Teymur Quliyev və Elvin Niftəliyevdir.
Həmçinin oxu: Bakıda yüksək sürətlə gedən BMW məşhur hotelə çırpıldı - VİDEO
Qeyd edək ki, yol qəzasının 10-MD-081 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürət həddini aşması səbəbindən meydana gəldiyi bildirilir. Ərazidə olan polis əməkdaşlarının verdiyi məlumata görə, həmin avtomobil metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və qarşı yola keçib, nəticədə əks hərəkət zolağı ilə hərəkətdə olan digər "BMW" və "Opel" markalı nəqliyyat vasitələrinə çırpılıb.
Qəzadan sonra prospektin hər iki istiqamətində güclü tıxac yaranıb, hərəkət məhdudlaşdırılıb.