Bakıda Türkiyə millisini 50 min azarkeş dəstəkləyəcək - Avro-2020-nin biletləri satışda

Bakıda Türkiyə millisini 50 min azarkeş dəstəkləyəcək - Avro-2020-nin biletləri satışda

Biletlərin qiyməti 30 avrodan başlayacaq

UEFA dekabrın 4-dən 2020-ci il futbol üzrə Avropa çempionatının oyunlarına bilet satışına başlayacaq.

BakuCity.az Offsideplus.az-a istinadən xəbər verir ki, satış qurumun rəsmi saytı vasitəsilə aparılacaq.

Milli gəlir səviyyəsini nəzərə alan UEFA Bakı və Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək oyunlara biletlərin qiymətini 30 avrodan edib. Digər 10 şəhərdə oyunlara baxmaq üçün isə minimum 50 avro ödəmək lazımdır. Avropa çempionatının ən bahalı bileti 945 avroya olacaq.

UEFA Bakıdakı qarşılaşmalar üçün Türkiyə millisinə və rəqiblərinə hər oyun üçün 20 min bilet verəcək. 30 min bilet isə ev sahibi olan Azərbaycana veriləcək. Beləliklə, Türkiyə yığmasını Bakıda təxminən 50 min azarkeş dəstəkləyəcək.

Xarici fanatlara Heydər Əliyev Beynəlxalq Aeroportunda 1 aylıq viza veriləcək.

Qeyd edək ki, Türkiyə millisi A qrupunun 2 oyununu - iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə qarşılaşmanı Bakıda keçirəcək.

Bakı Olimpiya Stadionundakı ilk qarşılaşma isə iyunun 13-də Uels və İsveçrə milliləri arasında təşkil ediləcək. 

Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Niderland), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13, 17 və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.

BakuCity.az

Bakı Avro-2020 bilet Türkiyə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər