Bakı-Pirşağı qatarlarının qrafikindən narazılıq: "Səhər saat 7-də şəhərdə nə edək?"

Bakı-Pirşağı qatarlarının qrafikindən narazılıq: "Səhər saat 7-də şəhərdə nə edək?"

Yaxın vaxtlarda yeni qatarlar gətiriləcək

Sərnişinlər Bakı-Pirşağı elektrik qatarlarının hərəkət cədvəlindən narazıdır.

Sakinlər BakuCity.az-ın redaksiyasına daxil olan müraciətlərində bildirirlər ki, dekabrın 2-dən Bakı-Pirşağı dəmir yolu xətti ilə hərəkətə başlayan elektrik qatarlarının birincisinin saat 7:10-da, ikincisinin isə 8:36-da Bakı vağzalında olması vaxtında işə çatmaq baxmınından əlverişli deyil.

Məsələ ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat xidmətindən saytımıza bildiriblər ki, qatarların hərəkət cədvəli hazırkı qatar sayına və infrastruktur imkanlarına uyğun tərtib olunub:

Həmçinin oxu: Bakı-Pirşağı qatarları hərəkətə başlayır - CƏDVƏL + QİYMƏT

“Yaxın vaxtlarda isə yeni qatarlar gətiriləcək və sərnişinlərin tələbatına uyğun rahat, optimal və daha əlverişli qrafikin tərtib olunması nəzərdə tutulub”.

Ara stansiyaların açılması məsələsinə gəlincə, qurumdan deyiblər ki, yeni istifadəyə verilən xətt Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı hissəsidir:

“Bu hissəyə Zabrat 1, Zabrat 2, Məmmədli və Pirşağı stansiyaları daxildir. Bu stansiyaların bəziləri yenidən qurulub, bəziləri isə tamamilə yeni inşa edilib.

Hazırda Görədil-Fatmayi və Novxanı dayanacaqlarında tamamlama işləri davam edir. Yolların əsaslı təmiri başa çatıb. Hazırda bu istiqamətdə yoldəyişənlərin yenilənməsi, enerji təchizatı sisteminin yenidən qurulması və təkmilləşdirilməsi, eləcə də rabitə və işarəvermə sisteminin müasirləşdiriləməsi işləri görülür. Hasarlama işləri, kontakt şəbəkə üzərində son tamamlama işləri aparılır".

Xatırladaq ki, bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirmişdi:

"Bakı dairəvi dəmir yolunun 2020-ci ilin yanvar ayının sonunadək tam hazır olacağı gözlənilir. Sözügedən dəmir yolunun Pirşağı qəsəbəsinədək olan hissəsi artıq istifadəyə verilib. Yolun növbəti 18 kilometrlik hissəsində isə hələ işlər davam etdirilir".

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı Pirşağı qatar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər