Bakıda xaş mövsümü başladı – Həkim məsləhəti və restorandakı QİYMƏTLƏR

Bakıda xaş mövsümü başladı – Həkim məsləhəti və restorandakı QİYMƏTLƏR

Xaşı spirtli içkilərlə qəbul etmək olmaz?

Qış mövsümünün ənənəvi yeməklərindən hesab olunan xaş paytaxt sakinləri, xüsusilə də kişilər arasında sevilir. Mütəxəssislərin fikrincə, xaşın əsas faydası sümükləri möhkəmləndirməkdir, amma ondan çox qəbul etmək zərərlidir. 

Xaşın hansı faydaları var? Bu yeməyi ay ərzində neçə dəfə qəbul etmək olar? Xaşın spirtli içkilərlə eyni vaxtda qəbul edilməsi düzgündürmü? Xaşı uşaqlara vermək olar?

BakuCity.az-ın bu və digər suallarına həkim dietoloq, pəhriz kitablarının müəllifi Leyla Zülfüqarlı cavab verib.

Mütəxəssisin fikrincə, Azərbaycanda məhz əhalinin qidalanması ilə birbaşa əlaqəli olan bir çox xəstəliklər var:

“Xaş vitamin D və kalsiumla zəngin olduğu üçün sümükdə toxumaların inkişafını sürətləndirir və bərpa edir. Bu gün isə çoxlarında ciddi şəkildə vitamin D defisiti var. Nəinki uşaqlarda, qadınlar da olmaqla, demək olar ki, hər kəsdə bu çatışmazlığı görürük. Vitamin D əskikliyi isə ən çox əl, qol, qıç kimi sümük ağrılarını əmələ gətirir. Xaş yedikdə biz daha çox onun jelatinə bənzər hissəsindən bədənimizin kalsium və vitamin D-yə olan tələbatını ödəyirik.

Amma bişirildikdən sonra xaş dondurulmalı, onun üzərinə yığılan yağ götürülüb atılmalıdır. Çünki ət tikələrinin tərkibində amin turşuları və digər faydalı maddələr var. Lakin üzərindəki yağlar artıq işlənmiş, doymuş yağ turşularıdır ki, bu da orqanizmə xeyirdən çox ziyan verir. Xaşı yağı ilə birlikdə yesək, “pis” xolesterinin çoxalması nəticəsində qan-damar dövranının bəzi xəstəliklərindən əziyyət çəkə bilərik. Hətta bəzi artıq çəki problemlərini, qaraciyərin piy distrofiyası, ürəyin bəzi xəstəliklərini də buna aid etmək olar. Yağsız halda və çörəksiz yeyilən xaşın jelatinə bənzər hissəsi oynaq hərəkət sisteminin, sümük skeletinin daha yaxşı inkişaf etməsinə səbəb olur”.

L.Zülfüqarlı üç aylıq qış mövsümü ərzində 3-4 dəfə xaş yeməyin yetərli olduğunu deyir:

"Xaş xəmir məmulatları ilə müqayisədə bir o qədər problem yaratmayan qida növüdür. Amma bu xörəyin əsas yemək hədəfinə çevrilməsi yanlışdır. Üstəlik, xaşın çörəklə qəbul edilməsi də doğru deyil. Xaşın orqanizmə təhlükə yaratmaması uçun bu yeməyi şorba kimi az çörəklə, mümkün olduğu təqdirdə isə çörəksiz yemək lazımdır. Xaşın çox və ayrıca qida kimi qəbul edilməsi də düzgün deyil. Bu qidanı ümumi ətli yeməklərin tərkib hissəsi kimi müəyyən intervalla qəbul etmək məqsədəuyğundur. Belə olan halda xaş zərərsiz yemək hesab oluna bilər”.

Bakıda xaş mövsümü başladı – Həkim məsləhəti və restorandakı QİYMƏTLƏR, fotoşəkil-1

Araq-xaş “duet”i zərərlidir?

Xaşı spirtli içkilərlə eyni vaxtda qəbul etməyə gəlincə, dietoloq qeyd edib ki, Azərbaycanda xaşın yeyilmə tərzi tamamilə səhvdir:

“Xaşı ağır, spirtli içkilərlə eyni anda yemək, ardınca çay, yaxud başqa qidalar qəbul etmək olmaz. Xaş özü çox kalorili bir qida növüdür və xaşda qlikemik indeks də həddən artıq yuxarıdır. Spirtli içkilərdə olan etil spirtinin faizini nəzərə almasaq belə, bilməliyik ki, spirt parçalananda qlükozaya çevrilir. Xaşda olan yüksək qlikemik indeks spirtli içkilərin tərkibində də var. Yəni yüksək qlükoza yaratdığından hər ikisini birlikdə qəbul etmək zərərlidir. Ən yaxşı halda isə xaşı daha yüngül spirtli içkilərlə, məsələn, şərabla qəbul etmək olar".

L.Zülfüqarlı əlavə edib ki, xaş yeyərkən yanında sirkə, limon, sarımsaq olsa, daha yaxşı olar:

"Xüsusilə sarımsaq həm dadlı, həm də immun sistemini gücləndirən tərəvəz növüdür. Soyuğa qarşı immuniteti gücləndirmək üçün xaşa da sarımsaq qatılır".

Mütəxəssis bildirib ki, xaş yeyilən gün bir neçə saat ardıcıl olaraq mədə-bağırsağa dinclik vermək lazımdır.

Uşaqlara az miqdarda xaş verin

Həkim-dietoloq uşaqlara az həcmdə xaşın faydalı olduğunu bildirib:

“Uşaqlara təxminən 50-100 qram xaş vermək olar. Məsələn, bir yumurta ölçüsündə jelatinli hissədən içərisində ətlə bərabər verə bilərsiniz. Xüsusilə 4-5 yaşdan yuxarı uşaqlarda sağlam sümüyün formalaşması üçün D vitamini ilə bol və qeyd etdiyim kimi,  düzgün bişirilmiş xaş vacibdir”.

Paytaxtda yerləşən bəzi restoranlarında təqdim olunan xaş xörəyinin qiymətləri barədə də məlumat toplamışıq.

Qiymət cədvəli:

Restoran

Menyu

Qiymət

“Bürc Qala”

1 pay (yalnız şənbə və bazar)

9.00 AZN

“Anadolu”

Set

9.50 AZN

1 pay

7.50 AZN

“Tonqal”

1 pay

8.00 AZN

“Qurman”

1 pay

4.00 AZN

“Qazmaq”

1 pay

8.00 AZN

Çanaqqala

1 pay

6.00 AZN

“Quzu Təndir & Kabab”

Set (yalnız şənbə və bazar)

12.00 AZN

1 pay (yalnız şənbə və bazar)

6.00 AZN

“Şır-Şır”

1 pay

7.00 AZN

İlisu

1 pay

5.00 AZN

Ordubad

1 pay (yalnız həftəsonu)

6.00 AZN

Nuş olsun!

Ramilə Qardaşxanqızı

BakuCity.az

bakı xaş qiymətlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər