"Hədəfimiz final oynamaqdır"
“Bakı ilə bağlı onu deyə bilərəm ki, tək millət, iki dövlətik - bu, yeni bir şey deyil. Biz onsuz da onlarla iç-içəyik. Bakıda Azərbaycanı və özümüzü təmsil edəcəyik”.
BakuCity.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020 ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.
Püşkə əsasən, "ay ulduzlular" Avropa çempionatında İtaliya, İsveçrə və Uelslə birgə A qrupunda yer alıblar. 67 yaşlı mütəxəssisin sözlərinə görə, turnirin açılış matçının İtaliya və Türkiyə arasında olması onlar üçün böyük şansdır:
“Ölkəmizin tanıtımı üçün çox önəmlidir. Bakıya, sonra Romaya gedib təlim-məşq toplanışı üçün yerlər seçəcəyik. İki həlledici oyunumuz var. İtaliya ayrı bir matçdır – udarıq, ya uduzarıq. 2002-ci ildə ilk oyunumuzu Braziliyaya qarşı keçirmişdik. Hər halda bunu düzüb-qoşurlar. Digər iki görüşdə hər şey dəyişə bilər. Onsuz da 6 xal qazanan komanda qrupdan çıxır. Hədəfimiz final oynamaqdır. Üzərimizə böyük iş düşür”.
Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
Avro-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.
BakuCity.az