Bacısı və rəfiqələri saxlanılıb
Türkiyənin Samsun bölgəsində yerləşən iki alış-veriş mərkəzində ümumilikdə 17 mağazadan oğurluq edilib. 50 min lirə dəyərində geyim oğurlamaqda şübhəli bilinən 7 azərbaycanlı saxlanılıb. Onlardan 5-i qadın, 2-si kişidir. Şübhəlilər oğurladıqları əşyaların barkod və qurğularını alüminium folqa ilə bağlayaraq siqnaldan yayınıblar.
BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, artıq oğurluqda şübhəli bilinən 50 yaşlı Tamella Hacıəhmədova, 53 yaşlı Kəmala Əsədullayeva, 49 yaşlı Gülər Ağayeva məhkəmə qərarı ilə həbs edilib. 54 yaşlı Laləzər L. və 29 yaşlı Bayram L. polis nəzarəti altında qalmaq şərti ilə sərbəst buraxılıblar.
Digər iki nəfərin isə oğurluq etmədiyi məlum olub.
Türkiyədə saxlanılan qadınların birinin yaxını bildirib ki, hər il noyabr ayının son cümə günü dünyada “Black Friday”, yəni “Qara cümə” adı ilə mağazalarda endirimli satışlar təşkil olunur. Sözügedən qadınlar da (onlardan biri bacısıdır) Türkiyəyə alış-veriş etmək məqsədilə gedib, amma oğurluqda yalnız bir qadının günahı sübuta yetirilib. Belə ki, oğurluq edən qadın geyimləri o birilərinin çantasına yerləşdirib. Buna görə də bacısı və digər rəfiqələri saxlanılıb.