Əlibaba Məmmədovun 90 illik yubileyi qeyd ediləcək

Əlibaba Məmmədovun 90 illik yubileyi qeyd ediləcək

Yubileylə bağlı tədbirlər planı hazırlanacaq

Prezident İlham Əliyev Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xüsusi xidmətlər göstərmiş Əlibaba Məmmədovun anadan olmasının 90-cı ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə Xalq artistinin 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

Qeyd edək ki, Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub.

Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Ə.Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Klassik muğam irsinin saflığının qorunub saxlanmasını yaradıcılığının başlıca qayəsinə çevirən ustad xanəndənin repertuarındakı muğamlar ifaçılıq sənətinin kamil nümunələri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur.

Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Ə.Məmmədova xalqın sevgisini qazandırmışdır. Sənətkarın mahir ifaçısı olduğu rəngarəng muğam və təsniflərlə yanaşı, müəllifi olduğu mahnılar da dinləyicilərin qəlbində silinməz izlər qoymuşdur.

Muğamın tədrisi sahəsində uzun illər uğurla çalışan tanınmış pedaqoq Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir. Muğamla bağlı gerçəkləşdirilən müxtəlif layihələrdə daimi və səmərəli iştirakı onun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində fəaliyyətinin mühüm mərhələsi hesab edilə bilər.

BakuCity.az

İlham Əliyev Əlibaba Məmmədov yubiley
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər