5 yarmarka fəaliyyət göstərəcək
Kənd Təsərrüfatı Nazirliyi dekabrın 21-dən 30-dək, yəni 10 gün müddətində “Kənddən şəhərə” bayram yarmarkaları təşkil edəcək.
BakuCity.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev bildirib.
M.Musayevin sözlərinə görə, bayram yarmarkalarının keçiriləcəyi ünvanların sayı artırılıb:
“İndiyədək 4 yarmarka fəaliyyət göstərirdi. Adi vaxtlarda şənbə-bazar günləri fəaliyyət göstərən yarmarkalar bayram günlərində gündəlik rejimə keçəcəklər. Bunlar “Gənclik” metro stansiyasının yaxınlığında, Yasamalda, Binəqədidə və Xırdalandadır. Təşkil olunacaq 5-ci yarmarkanın ünvanı gələn həftə dəqiqləşəcək. Bununla da 5 yarmarkamız 10 gün müddətində gündəlik fəaliyyət göstərəcək”.
M.Musayev deyib ki, məhsul satışı ilə bağlı bütün bölgələr üzrə fermerlərə müraciət edilib:
“Bayramla əlaqədar öz məhsullarını satmaq istəyənlər üçün şərait yaradılıb. Həm aqrar inkişaf mərkəzləri, həm də regional idarələr vasitəsilə fermerlərə müraciət edilir.
Yarmarkalarda bayramla əlaqədar olaraq alıcılara, əsasən, meyvə-tərəvəz, qoz-fındıq, çərəzlər, quru meyvələr, ət məhsulları təklif ediləcək”.
BakuCity.az