Yağış yağanda bu qəsəbədən “sel” keçir: İki məktəbin yolu da bağlanır - VİDEO

Yağış yağanda bu qəsəbədən “sel” keçir: İki məktəbin yolu da bağlanır - VİDEO

Avtobus da sərnişinləri yolun yarısına qədər daşıyır

Abşeron rayonunun Mexkolon-23 qəsəbəsində yağışlı havalarda yolu keçmək qeyri-mümkündür.

Qəsəbə sakinlərinin BakuCity.az-a verdiyi məlumata görə, bu ərazidə kanalizasiya problemi illərdir mövcuddur və aidiyyəti qurumlara dəfələrlə müraciət olunmasına baxmayaraq, məsələ ilə maraqlanan olmadığına görə problem öz həllini tapmayıb.

Acınacaqlı vəziyyət həm də ondadır ki, xüsusilə payız-qış mövsümündə yağan yağışlar burada qəsəbədaxili yolların bağlanması ilə nəticələnir. Səbəb isə qəsəbədə kanalizasiya xəttinin az olması, olanların isə artıq sıradan çıxmasıdır.

Bu çətin vəziyyətdən isə daha çox məktəblilər və paytaxta işə gələn insanlar əziyyət çəkirlər.

Qeyd edək ki, Mekkolon-23 qəsəbəsində iki məktəb – 6 nömrəli tam orta məktəb və Cəbrayıl rayonu Çullu kənd tam orta məktəbi yerləşir. Yağış yağanda isə hər iki məktəbin yolu bağlanır. 

Həmçinin oxu: Bakıda yolları su basdı, avtomobillər batdı - FOTO + VİDEO

Məlumat üçün onu da bildirək ki, qəsəbəni Xırdalan şəhərindən dəmir yolu – Bakı-Sumqayıt sürət qatarı ayırır və qəsəbədən Xırdalanın digər məktəblərinə uşaqlarını aparıb-gətirən valideynlər də hazırda yol problemi yaşayır.

Qəsəbəyə bu yolla sadəcə 119 saylı avtobus marşrut xətti işləyir. O da artıq 5 aydan çox müddətdir ki, yolda bitmək bilməyən təmir işləri səbəbindən sərnişinləri yolun yarısına qədər daşıyır. Qalan məsafəni azyaşlı məktəblilər və əhali böyük çətinliklə qət etməli olur.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı yağış subasma yollar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər