Yarışda beş ölkənin idmançıları mübarizə aparıb
Dekabrın 8-də Bakıda Avrasiya Kombat Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə növbəti beynəlxalq turnir keçirilib.
BakuCity.az xəbər verir ki, "Avrasiya Kuboku" adı altında keçirilən yarışda Azərbaycan, Rusiya, İran, Belarus, Gürcüstan olmaqla beş ölkənin idmançıları öz güclərini sınayıblar.
Yüzdən çox idmançının iştirak etdiyi və beynəlxalq qaydalarla tənzimlənən turnir "ful kontakt" və "klouz kontakt" versiyaları üzrə uşaqlar, yeniyetmə və gənclər arasında müxtəlif çəki dərəcələrində keçirilib.
Açılış sözü ilə çıxış edən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov federasiyanın il ərzində Azərbaycanda və beynəlxalq müstəvidə gördüyü işlərdən danışıb.
Sonra yarışın baş hakimi, Dünya Kombat Ciu-Citsu Federasiyasının hakimlər kollegiyasının sədri, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti, Respublikanın əməkdar məşqçisi Rəsul Məmmədov çıxışı zamanı bu idman növünün ölkəmizdə gündən-günə populyarlaşmasından danışıb.
Çıxışlardan sonra yarışa start verilib və idmançılar öz güclərini sınayıblar.
Qeyd edək ki, turnirdə müvəffəqiyyət əldə etmiş idmançıların sayına görə Azərbaycan birinci yeri tutur.