Regionda yeganə müəssisə olacaq
Bakının Zabrat aeroportu ərazisində vertolyotların əsaslı təmiri və servisi mərkəzinin təməlqoyma mərasimi keçirilib.
BakuCity.az-ın məlumatına görə, yeni vertolyotların əsaslı təmiri və servisi mərkəzi Azərbaycan və Rusiya dövlətlərarası hökumət komissiyasının mülki aviasiyanın inkişafı ilə bağlı iqtisadi əməkdaşlıq sahəsində qərarlarına əsasən birgə layihələrin icrası çərçivəsində tikiləcək və regionda bu tipli yeganə müəssisə olacaq.
Layihə “Rusiya Vertolyotları” Səhmdar Cəmiyyəti ilə birlikdə həyata keçiriləcək.
Müvafiq saziş “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və “Rusiya Vertolyotları” ASC-nin baş direktoru Andrey Boginski tərəfindən imzalanıb.
Təməlqoyma mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov iştirak ediblər.
Xidmət mərkəzinin fəaliyyətə başladığı ilk illərdə 4-6 müxtəlif modifikasiyalı vertolyotun təmiri, daha sonra isə istehsal gücünün ildə 8-10 vintqanadlı maşının təmirinə kimi artırılması planlaşdırılır.
Azərbaycan ərazisində belə bir unikal və rəqabətqabiliyyətli müəssisənin yaradılması ölkədə kiçik aviasiyanın inkişafında, aviasiya sektorunda yeni kadrların hazırlanmasında uğurun növbəti açarı olacaq.