Bakıda kirayə mənzillərin satışa çıxarılmasına az qaldı

Bakıda kirayə mənzillərin satışa çıxarılmasına az qaldı

Evlərin alınması və təmiri prosesi başa çatıb

Bakıda kirayə mənzillərin satışa çıxarılacağı vaxt açıqlanıb.

BakuCity.az məlumat verir ki, bu mənzillər metronun "Qara Qarayev", "Əhmədli" və "Neftçilər" stansiyasının yaxınlığındadır. İpoteka və Kredit Zəmanət Fondu artıq bu mənzilləri təklif etməyə hazırdır.

Bu il yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması" haqqında fərman imzalayıb. Qaydalara əsasən, aylıq ödənişin tərkibinə yaşayış sahəsinin və fondun vəsaitlərini cəlbetmə dəyəri, ayrılan ehtiyatlar, fondun yaşayış sahəsini saxlaması, sığortalaması və idarəetməsi ilə bağlı xərclər daxildir. Bu layihənin əsas özəlliyi isə əlavə faizin olmamasından ibarətdir. Lakin şəxs ödənişini edə bilmədikdə bu ev ondan alınacaq və öncədən ödədiyi vəsaitlər geri qaytarılmayacaq.

Artıq bir neçə aydır ki, sosial layihələrdən biri olan kirayə mənzillərin bu ilin dekabrında satışa çıxarılacağı bildirilir. Bu vaxtın dəqiq nə vaxt olacağı isə ev sahibi olmaq istəyənləri çox düşündürür.

Həmçinin oxu: Bakıda kirayə mənzilləri necə almaq olar? - Bütün suallara CAVAB

İqtisadçı Vüqar Bayramov “Sputnik Azərbaycan”a açıqlamasında bu barədə danışıb:

"Fond tərəfindən bu mənzillərin dekabrın ikinci yarısında satışa başlanılacağı bildirilmişdi. Bizdə olan məlumata görə, artıq bank tərəfindən evlərin alınması və təmiri prosesi başa çatıb. Bu mənzillər metronun "Qara Qarayev", "Əhmədli" və "Neftçilər" stansiyasının yaxınlığındadır. Fond artıq bu mənzilləri təklif etməyə hazırdır. Ehtimal ki, yaxın günlərdə sistem işə salınacaq".

İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, hələlik evlərin satışa çıxarılacağı tarix bəlli deyil. Qeyd olunub ki, bu mənzillərlə bağlı sistemin işə düşməsinə çox az vaxt qalıb.

Bundan başqa, kirayə mənzillərlə bağlı bir müddətdir qaranlıq qalan suallarla bağlı məsələlərə də sistem işə düşdükdən sonra aydınlıq gətiriləcəyi vurğulanıb.

BakuCity.az

Bakı kirayə mənzillər satış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər